"Allaha heç bir şeyi ortaq qoşmazlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.
(Nur surəsi, 55)
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, inkar edən olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
(Maidə surəsi, 72)
Ancaq tövbə edib özlərini islah edən, Allaha (Allahın dininə) sarılan və Allah üçün dinlərini (ibadətlərini) ixlasla yerinə yetirən kimsələr istisnadır. Onlar möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.
(Nisa surəsi, 146)
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət üzrə) yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir.
(Rum surəsi, 30)
De: “Mən də sizin kimi bir insanam. Mənə vəhy olunur ki, sizin ilahınız tək olan ilahdır. Ona görə də kim Rəbbinə qovuşacağını ümid edirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kimi Ona şərik qoşmasın!”
(Kəhf surəsi, 110)