"Allah yolunda çətinliklərlə qarşılaşanda inanclarından imtina edənlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Onlar (düşmən) dəstələrin getmədiklərini zənn edirlər. Əgər dəstələr gələsi olsa, özləri çöldə bədəvilərin arasında olub sizə dair xəbərləri (uzaqdan) soruşmaq istəyərdilər. Sizin aranızda olsaydılar belə, çox az döyüşərdilər.
(Əhzab surəsi, 20)
Kitabdan özlərinə bir pay verilənləri görmədinmi? Aralarında hökm verilməsi üçün Allahın kitabına dəvət olunurlar. Sonra isə onlardan bir dəstə üz döndərərək geri dönür.
(Ali İmran surəsi, 23)
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar.
(Tövbə surəsi, 42)
İnsanlardan eləsi də var ki: “Biz Allaha inandıq!” - deyər. Ancaq Allah yolunda əziyyətə düçar olduqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi hesab edər. Əgər Rəbbin (möminlərə) zəfər bəxş etsə, onlar mütləq: “Biz də sizinlə birlikdə idik!” - deyərlər. Məgər Allah aləmlərin (insanların) qəlbindəkini bilmirmi?!
(Ənkəbut surəsi, 10)
Onlar həm yuxarıdan, həm də aşağıdan sizin üstünüzə gəldikləri zaman gözləriniz bərəlmiş, qəlbiniz ağızlarınıza gəlmiş və Allah barəsində müxtəlif şeylər düşünmüşdünüz.
(Əhzab surəsi, 10)
Orada möminlər sınağa çəkilmiş və şiddətlə sarsılmışdılar.
(Əhzab surəsi, 11)
O zaman münafiqlər və qəlbində xəstəlik olanlar: “Allah və elçisi bizə yalnız yalan şeylər vəd ediblər”, - deyirdilər.
(Əhzab surəsi, 12)
Halbuki onlar daha əvvəl (düşmənə) arxalarını çevirib qaçmayacaqlarına dair Allaha söz vermişdilər. Allaha verilən sözün məsuliyyəti vardır.
(Əhzab surəsi, 15)
De: “Əgər ölməkdən, yaxud öldürülməkdən qaçarsınızsa, qaçmaq sizə heç bir fayda verməz! (Döyüşdən qaçdığınız təqdirdə) siz yalnız az bir müddət (dünya nemətlərindən) istifadə edə biləcəksiniz.
(Əhzab surəsi, 16)