"Allah haqqında yalan uydurarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
Şübhəsiz ki, “Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların bu dediklərini və elçiləri haqsız yerə öldürmələrini yazacaq və onlara: “Dadın yandırıcı əzabı!” - deyəcəyik.
(Ali İmran surəsi, 181)
Allahı layiqincə tanımadılar. Belə ki, onlar: “Allah heç bir bəşərə hər hansı bir şey nazil etməmişdir”, - dedilər. De ki: “Musanın insanlara bir nur və hidayət olaraq gətirdiyi kitabı kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb (istədiyinizi) açıqlayırsınız, bir çoxunu da gizlədirsiniz. Sizin və atalarınızın bilmədiyi şeyləri (Qurandan) öyrənmiş olursunuz”. Sən: “Allah!” – de. Sonra onları burax ki, qoy düşdükləri bataqlıqda oynaya-oynaya qalsınlar.
(Ənam surəsi, 91)