Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Allah bunları ona görə yazmışdır ki,) əlinizdən çıxanlara görə kədərlənməyəsiniz və Allahın sizə verdiklərinə görə sevinib qürrələnməyəsiniz. Allah özünü bəyənib qürrələnənləri sevməz.
(Hədid surəsi, 23)
Qarun Musanın qövmündən idi və onlara qarşı azğınlıq etmişdi. Biz ona elə xəzinələr vermişdik ki, onun açarlarını daşımaq güclü adamlardan ibarət bir dəstəyə belə ağır gəlirdi. O zaman qövmü ona belə demişdi: “Qürrələnmə! Şübhəsiz ki, Allah qürrələnənləri sevməz.
(Qəsas surəsi, 76)
Özlərini insanlara göstərmək və (insanları) Allah yolundan döndərmək üçün təkəbbürlənərək yurdlarından çıxan (inkar edənlər) kimi olmayın! Allah onların etdiklərini əhatə etmişdir (etdiklərindən xəbərdardır).
(Ənfal surəsi, 47)