"Allahın seçdiyi peyğəmbər təqvaca, bilik və ağıl ilə üstün edilmişdir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Elçiləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (elçi) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
(Bəqərə surəsi, 247)
Biz Davuda və Süleymana da elm verdik. Onlar: “Bizi mömin bəndələrinin çoxundan üstün edən Allaha həmd olsun!” - dedilər.
(Nəml surəsi, 15)
Yusif dedi: “Sizə verilən yemək gəlmədən əvvəl onun yozumunu sizə xəbər verəcəyəm. Bu, Rəbbimin mənə öyrətdiklərindəndir. Şübhəsiz ki, mən Allaha inanmayan bir qövmün dinini tərk etmişəm. Məhz onlar axirəti də inkar edirlər.
(Yusif surəsi, 37)
Şübhəsiz ki, Allah möminlərə, öz içlərindən onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir elçi göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər.
(Ali İmran surəsi, 164)
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi: “Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz.
(Yusif surəsi, 21)