"Allahın rizası və məmnunluğu vardır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Ey elçi!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcə və Allahın razılığı vardır. Allah bəndələrini görəndir”.
(Ali İmran surəsi, 15)
İman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər dərəcə etibarilə Allah dərgahında daha üstündürlər. Əsil uğur qazananlar onlardır.
(Tövbə surəsi, 20)
Rəbbi yanında onların mükafatı (ağacları) altından çaylar axan və əbədi qalacaqları Ədn cənnətləridir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Bu (mükafatlar), Rəbbindən qorxanlara məxsusdur.
(Beyyinə surəsi, 8)
(O gün Allah möminlərə belə səslənəcəkdir:) “Ey rahatlıq tapan nəfs (insan)!
(Fəcr surəsi, 27)
Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön!
(Fəcr surəsi, 28)
Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol,
(Fəcr surəsi, 29)
Allah mömin kişilərə və mömin qadınlara altından çaylar axan, əbədi qalacaqları cənnətlər və Ədn cənnətlərində gözəl məskənlər vəd etmişdir. Allahın rizası isə (hamısından) daha böyükdür. Böyük uğur məhz budur!
(Tövbə surəsi, 72)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)