Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə (“hittə” sözünü “buğda” mənasına gələn “hintə” sözü ilə) dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik.
(Bəqərə surəsi, 59)
Allahın kitabda nazil etdiklərini bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 174)
İndi onların sizə inanacaqlarınamı ümid edirsiniz? Halbuki, onların içində elələri vardı ki, Allahın kəlamını dinləyib anladıqdan sonra bilə-bilə onu təhrif edirdilər.
(Bəqərə surəsi, 75)
Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün: “Bu, Allah dərgahındandır!” - deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına!
(Bəqərə surəsi, 79)
Ancaq onlardan zalım olanlar, özlərinə deyilən sözü başqası ilə dəyişdirdilər. Zülm etdiklərinə görə Biz də onlara göydən bir əzab göndərdik.
(Əraf surəsi, 162)
Əhdlərini pozduqlarına görə onları lənətlədik və onların qəlbini qatılaşdırdıq. Onlar sözlərin yerlərini dəyişdirirlər. Özlərinə öyrədilənlərin bir hissəsini də unutdular. Onların az bir qismi istisna olmaqla, onlardan daim xəyanət görərsən. Yenə də, onları bağışla və onlara fikir vermə! Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər.
(Maidə surəsi, 13)