"Allahın ayələrinə qarşı təkəbbür göstərərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ayələrimiz onlara açıq-aydın oxunduğu zaman inkar edənlərin üzlərində bir məmnuniyyətsizlik sezərsən. Az qalsın, onlara ayələrimizi oxuyanların üstünə hücum etsinlər. De ki: “Bundan daha pisini sizə xəbər verimmi? Cəhənnəm! Allah onu inkar edənlər üçün vəd etmişdir. O nə pis dönüş yeridir!”
(Həcc surəsi, 72)
Daxilən buna əmin olduqları halda, zülm və təkəbbürləri səbəbilə onları inkar etdilər. Fitnə-fəsad törədənlərin aqibətinin necə olduğuna bir bax!
(Nəml surəsi, 14)
Onlara: “Rəhmana səcdə edin!” - deyildiyi zaman onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyərlər. Bu, onların nifrətini daha da artırar.
(Furqan surəsi, 60)
Ayələrimizi yalan sayıb təkəbbürlənərək onlardan üz çevirənlər isə cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Əraf surəsi, 36)
Qövmünün təkəbbürlü başçıları, özlərindən olan iman etmiş zəif kimsələrə belə dedilər: “Siz Salehin (həqiqətən) Rəbbi tərəfindən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?!” Onlar: “Biz onunla göndərilənə inanırıq!” - dedilər.
(Əraf surəsi, 75)
Təkəbbürlənənlər: “Biz sizin inandığınızı inkar edirik”, - dedilər.
(Əraf surəsi, 76)
Nə Məsih, nə də müqərrəb (Allah yanında uca məqama sahib olan) mələklər Allahın bəndəsi olmağı əsla özlərinə ar bilməzlər. Kim Allaha ibadət etməyi özünə ar bilib təkəbbürlük göstərərsə, O, onların hamısını Öz hüzuruna toplayacaqdır.
(Nisa surəsi, 172)
O, özünə oxunan Allahın ayələrini eşidir, sonra da onları eşitmirmiş kimi təkəbbürlənərək (küfrdə) israr edir. Buna görə də ona acı bir əzabla müjdə ver!
(Casiyə surəsi, 8)
Ona: “Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!
(Bəqərə surəsi, 206)
Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlıqda həddi aşdılar.
(Furqan surəsi, 21)