"Allahın ayələrinə könüldən boyun əyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həqiqətən, İbrahim yumşaq qəlbli, Allaha çox yalvaran və özünü Ona həsr edən bir kəs idi.
(Hud surəsi, 75)
Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən və İbrahimin hənif dininə tabe olan kimsədən din baxımından daha gözəl kim ola bilər. Allah İbrahimi Özünə dost tutmuşdur.
(Nisa surəsi, 125)
Həqiqətən, iman edib yaxşı işlər görən və Rəbbinə qəlbən boyun əyənlər cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Hud surəsi, 23)
Xeyr (elə deyil)! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, onun Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 112)
Kim yaxşı əməl sahibi olaraq özünü Allaha təslim edərsə, həqiqətən, o, ən möhkəm qulpa yapışmış olar. Bütün işlərin axırı Allaha qayıdar.
(Loğman surəsi, 22)
Həqiqətən, kitab əhlindən elələri də var ki, həm Allaha, həm də sizə və özlərinə nazil olana Allaha boyun əyərək iman edər və Allahın ayələrini ucuz bir qiymətə satmazlar (dəyişdirməzlər). Onlar üçün Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allahın haqq-hesaba çəkməsi çox sürətlidir.
(Ali İmran surəsi, 199)
O kəslər ki, Allah anıldığı zaman onların qəlbi titrəyər, başlarına gələn müsibətlərə səbir edər, namazı qılar və onlara verdiyimiz ruzidən infaq edərlər.
(Həcc surəsi, 35)
Səbir edən, doğru olan, itaət edən, (malından yoxsullara) verən və sübh vaxtı bağışlanmaq diləyənlər üçündür.
(Ali İmran surəsi, 17)
Tövbə edərək Ona yönəlin! Ondan qorxun! Namaz qılın və müşriklərdən olmayın!
(Rum surəsi, 31)