"Allahı hər şeyin üzərində tutarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər.
(Ənbiya surəsi, 90)
Bunlar o kimsələrdir ki, insanlar onlara: “Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər.
(Ali İmran surəsi, 173)
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)
Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
(Maidə surəsi, 54)
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
(Bəqərə surəsi, 165)