"Əsl hədəfləri Allahın rizasıdır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O bunu, sadəcə, ən uca olan Rəbbinin rizası üçün edər.
(Leyl surəsi, 20)
Həqiqətən, o, (Allahın verəcəyi nemətlərdən) razı qalacaqdır.
(Leyl surəsi, 21)
(Ey elçi!) De ki: “Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcə və Allahın razılığı vardır. Allah bəndələrini görəndir”.
(Ali İmran surəsi, 15)
Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
(Bəqərə surəsi, 265)
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan.
(Ənam surəsi, 52)
Onlar rəbbinin rizasını istəyərək səbir edər, namazı qılar, onlara verdiyimiz ruzidən gizli və aşkar (Allah yolunda) xərcləyər və pisliyi yaxşılıqla dəf edərlər. (Dünya) yurdunun (gözəl) aqibəti məhz onlarındır.
(Rad surəsi, 22)
Onların fısıldaşmalarının çoxunda xeyir yoxdur. Ancaq sədəqə verməyi, yaxud yaxşılığı və ya insanların arasını düzəltməyi (sülhü) əmr edən kimsənin (fısıldaşması) istisnadır. Kim Allahın rizasını qazanmaq üçün bunu edərsə, Biz ona böyük mükafat verəcəyik.
(Nisa surəsi, 114)
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
(Kəhf surəsi, 28)
İnsanlardan eləsi də var ki, Allahın rizasını istəyərək öz canını verər. Allah bəndələrinə qarşı şəfqətlidir.
(Bəqərə surəsi, 207)
Allah, Öz rizasına uyanları onunla əmin-amanlıq yollarına yönəldər və Öz iznilə onları qaranlıqdan aydınlığa çıxarıb doğru yola istiqamətləndirər.
(Maidə surəsi, 16)
Onları hidayətə çatdırmaq sənə aid deyil (Sənin vəzifən yalnız haqqı təbliğ etməkdir). Lakin Allah dilədiyi kimsəni hidayətə çatdırar. Malınızdan nə infaq etsəniz, özünüz üçündür. Siz yalnız Allahın rizasını qazanmaq üçün infaq edirsiniz. Malınızdan (Allah yolunda) nə infaq etsəniz, (əvəzi) sizə tam ödəniləcək və siz əsla haqsızlığa məruz qalmayacaqsınız.
(Bəqərə surəsi, 272)
Binasını Allah qorxusu və rizası üzərində quranmı, yoxsa binasını uçulmaqda olan bir yerin kənarında qurub, (ora çökdüyü zaman) onunla birlikdə cəhənnəm oduna yuvarlananmı daha xeyirlidir?! Allah zalımlar qövmünü doğru yola yönəltməz.
(Tövbə surəsi, 109)
Yaxın qohuma, yoxsula və yolda qalmış müsafirə (zəkat, yaxud sədəqədən) haqqını ver! Allahın rizasını istəyənlər üçün bu daha xeyirlidir. Onlar əsil nicat tapanlardır.
(Rum surəsi, 38)
“Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik.
(İnsan surəsi, 9)
Beləcə, Allahın neməti və lütfü sayəsində onlara heç bir zərər toxunmadan geri döndülər və Allahın rizasına uymuş oldular. Allah böyük lütf sahibidir.
(Ali İmran surəsi, 174)
Allahın rizasını qazanmaq istəyən kəs, Allahın qəzəbinə düçar olan kəs kimi ola bilərmi?! Onun (qəzəbə düçar olanın) yeri cəhənnəmdir. Ora necə də pis bir yerdir!
(Ali İmran surəsi, 162)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)