"Ədalətlə hökm etməyi əmr edər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Dolanmağınız üçün Allahın sizə bəxş etdiyi mal-mülkünüzü səfehlərə (ağılsızların, israfçıların və uşaqların əlinə) verməyin! Onları ondan (həmin mal-mülkdən) yedirib geyindirin və onlara yaxşı söz söyləyin!
(Nisa surəsi, 5)
Allah bəzilərinizə digərlərindən daha çox ruzi vermişdir. Daha çox ruzi verilənlər özlərini tabeçiliyində olanlarla bir tutmamaq üçün onlara ruzilərini vermirlər. Onlar Allahın verdiyi neməti inkarmı edirlər?
(Nəhl surəsi, 71)
Səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Malınızdan verəcəyiniz hər bir xeyir (sədəqə) ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz hər bir xeyirli işi biləndir.
(Bəqərə surəsi, 215)
Ey iman edənlər! Qazandıqlarınızın və sizin üçün torpaqdan yetişdirdiklərimiz yaxşısından (Allah yolunda) infaq edin! Və (sizə verildiyi təqdirdə) ancaq gözü yumulu alacağınız pis şeylərdən (Allah yolunda) infaq etmək fikrində olmayın! Bilin ki, Allahın heç bir şeyə ehtiyacı yoxdur, şükrə layiqdir.
(Bəqərə surəsi, 267)
(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir.
(Bəqərə surəsi, 273)
Əgər (sizə borclu olan şəxs) çətin vəziyyətdədirsə, (maddi vəziyyəti)düzələnə qədər (ona) möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcunu ona) sədəqə kimi bağışlamağınız sizin üçün daha xeyirlidir.
(Bəqərə surəsi, 280)
Sizə öz nəfsinizdən bir misal çəkdi: “Sizə ruzi olaraq verdiyimiz şeylərdə, əqd bağladıqlarınızdan və sizinlə bərabər olub özünüzdən qorxduğunuz kimi onlardan qorxduğunuz (yaxud hörmət etdiyiniz) şəriklər varmı?" Ağlını işlədə bilən bir qövm üçün ayələri biz bu cür izah edirik.
(Rum surəsi, 28)
(Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.
(Nisa surəsi, 2)
Onlar öz nəfsi çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
(İnsan surəsi, 8)
Allah sizə əmanətləri sahiblərinə (işi əhlinə) verməyinizi və insanlar arasında hökm verdiyiniz zaman ədalətlə hökm verməyinizi əmr edir. Allah bununla sizə necə də gözəl nəsihət verir! Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, görəndir.
(Nisa surəsi, 58)
Əgər sədəqələri aşkar şəkildə versəniz, bu da yaxşıdır. Ancaq (sədəqələri) gizlincə kasıblara versəniz, bu sizin üçün daha xeyirlidir və (bu əməliniz) günahlarınızın bir qismini örtər. Allah gördüyünüz işlərdən xəbərdardır.
(Bəqərə surəsi, 271)
Ey iman edənlər! Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, daim ədaləti (təmin edən və) Allah üçün şahidlik edən kimsələr olun! (Haqqında şahidlik etdiyiniz kimsələr) istər varlı, istər kasıb olsun, Allah hər ikisinə də (sizdən) daha yaxındır. Nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin! Əgər (yalan danışaraq dilinizi) bükər, yaxud (şahidlikdən) boyun qaçırarsınızsa, (bilin ki,) həqiqətən, Allah sizin etdiklərinizdən xəbərdardır!
(Nisa surəsi, 135)
Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Maidə surəsi, 42)
Könüllü surətdə sədəqə verən möminləri ayıblayan və çətinliklə əldə etdiklərini sədəqə verənləri məsxərəyə qoyanlara gəldikdə, Allah da onları məsxərəyə qoymuşdur. Onlar üçün acı bir əzab vardır.
(Tövbə surəsi, 79)
Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbi İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 60)
Həddi-büluğa çatana qədər yetimin malına yalnız yaxşı niyyətlə yaxınlaşın! Verdiyiniz sözü yerinə yetirin! Şübhəsiz ki, verilmiş söz (sözün sahibi) sorğu-sual olunacaqdır.
(İsra surəsi, 34)
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
(Ənam surəsi, 152)
Allahın (fəth edilən) məmləkətlərin xalqından elçisinə verdiyi qənimətlər sizdən zəngin olanlar arasındakı bir sərvətə çevrilməsin deyə Allaha, elçiyə, qohumlarına, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara məxsusdur. Elçi sizə nə verirsə, onu alın, nəyi də qadağan edirsə, ondan uzaq durun! Allahdan qorxun! Şübhəsiz ki, Allahın cəzalandırması şiddətlidir.
(Həşr surəsi, 7)
İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir.
(Nur surəsi, 22)
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.
(Nisa surəsi, 36)
Qohumlara, yoxsullara və yolda qalanlara haqqını ver, lakin israfçılıq etmə!
(İsra surəsi, 26)
İnsanların mal-mülkü artsın deyə verdiyiniz hər hansı bir faiz Allah dərgahında artmaz. Allahın rizasını diləyərək verdiyiniz zəkata gəldikdə, bunu edənlər (mənəvi qazanclarını və mallarının bərəkətini) qat-qat artıran kimsələrdir.
(Rum surəsi, 39)