"Şeytanın vəzifəsi insanları azdırmaqdır" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlara, ayələrimizi verdiyimiz halda onlardan imtina edən kimsənin xəbərini də oxu. Beləliklə şeytan onu özünə tabe etmiş və o da haqq yoldan azanlardan olmuşdu.
(Əraf surəsi, 175)
Musa əhalisinin xəbəri olmadan şəhərə daxil oldu. Orada biri öz tayfasından, digəri isə düşmən tayfadan olan iki nəfərin döyüşdüyünü gördü. Öz tayfasından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Musa da yumruq vurub onu (düşmən tayfadan olanı) öldürdü. Musa: “Bu, şeytan əməlidir. Həqiqətən, o, zəlalətə sürükləyən açıq-aydın bir düşməndir!” - dedi.
(Qəsas surəsi, 15)
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”
(Ənfal surəsi, 48)
(İblis) dedi: “Sən məni azdırdığın üçün, mən də hökmən onları azdırmaq məqsədilə Sənin doğru yolunun üstünə oturacağam.
(Əraf surəsi, 16)
Sonra mütləq önlərindən, arxalarından, sağlarından və sollarından onların yanına soxulacağam. Sən onların çoxunu şükür edən görməyəcəksən”.
(Əraf surəsi, 17)
Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam.
(Əraf surəsi, 18)
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman etdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir.
(Nisa surəsi, 60)
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
(Nəml surəsi, 24)