"İnkarçılara günahlarının artması üçün zaman verəndir" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnkar edənlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır.
(Ali İmran surəsi, 178)
Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim məkrim (əzabım) çox şiddətlidir!
(Əraf surəsi, 183)
(Əslində) Allah onlara istehza edir və azğınlıqları içində çaşqın bir vəziyyətdə qalmaları üçün onlara möhlət verir.
(Bəqərə surəsi, 15)
Neçə-neçə məmləkət vardır ki, (xalqı) zalım olduğu halda onlara möhlət verdim, sonra da onları (əzabımla) yaxaladım. Axır dönüş Mənədir!
(Həcc surəsi, 48)
Əgər Allah insanları etdikləri haqsızlıqlara görə (bu dünyada) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onları (cəzalarını) təqdir olunmuş bir vaxta qədər təxirə salır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də bir an irəli keçə bilərlər.
(Nəhl surəsi, 61)
(Ey elçi!) Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma! Sadəcə, Allah onları (cəzalandırmağı) gözlərin (qorxudan) bərələcəyi günə (axirətə) qədər təxirə salır.
(İbrahim surəsi, 42)
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
(Məryəm surəsi, 75)