"İman etməyənlərin qiyamət günü duyacaqları peşmanlıq" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar belə deyəcəklər: “Vay halımıza! Yatıb-qaldığımız yerdən bizi kim oyatdı? Bu, Rəhman olan Allahın vəd etdiyidir. Elçilər də doğru deyirlərmiş”.
(Yasin surəsi, 52)
Allahın hüzuruna çıxmağı yalan sayanlar həqiqətən, ziyana uğramışlar. Qiyamət qəflətən onlara gəlib çatdığı zaman (günah) yüklərini bellərində daşıyaraq: “Oradakı (dünyadakı) təqsirlərimizə görə vay halımıza!” – deyəcəklər. Diqqət edin, daşıdıqları (günahlar) necə də pisdir!
(Ənam surəsi, 31)
Ancaq kim üz döndərər və haqqı inkar edərsə,
(Ğaşiyə surəsi, 23)
Allah onu ən böyük əzabla cəzalandıracaqdır.
(Ğaşiyə surəsi, 24)
Artıq o gün heç kim Allahın verdiyi əzabı verə bilməz.
(Fəcr surəsi, 25)
Heç kim Onun buxovladığı kimi buxovlaya bilməz.
(Fəcr surəsi, 26)
Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
(Furqan surəsi, 11)
(Cəhənnəm) onları uzaqdan gördüyü zaman (inkar edənlər) onun qəzəblənməsini və uğultusunu eşidəcəklər.
(Furqan surəsi, 12)
Onlar (əlləri boyunlarına) bağlanmış bir halda oradan (cəhənnəmin) dar bir yerinə atıldıqları zaman orada ölümü arzulayacaqlar.
(Furqan surəsi, 13)