"İman etmək üçün möcüzə görmək istəyərlər" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar: “Ona (elçiyə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” - dedilər. De: “Şübhəsiz ki, Allah möcüzə endirməyə qadirdir”. Lakin onların çoxu bilməz.
(Ənam surəsi, 37)
Cahillər isə: “Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?” - dedilər. Onlardan əvvəlkilər də onların sözlərinə bənzər şeylər demişdilər. Onların qəlbi bir-birinə bənzəyir. Yəqinliklə iman edən kimsələrə ayələri (dəlilləri) açıq-aydın bəyan etmişik.
(Bəqərə surəsi, 118)
Ona qızıl bilərziklər verilməli, yaxud onunla birlikdə köməkçi mələklər gəlməli deyildimi?!”
(Zuxruf surəsi, 53)
Həqiqətən, Biz bu Quranda insanlar üçün bir çox məsəl çəkib müxtəlif şəkildə bəyan etdik. Lakin insanların çoxu küfrü seçdi.
(İsra surəsi, 89)
Onlar dedilər ki: “Bizim üçün yerdən bir bulaq çıxarmayınca sənə iman etməyəcəyik;
(İsra surəsi, 90)
Yaxud sənin xurma və üzüm bağın olmalı, onların arasında şırıl-şırıl çaylar axıtmalısan.
(İsra surəsi, 91)
Yaxud iddia etdiyin kimi, göyü üstümüzə parça-parça edib yağdırmalı və ya Allahı və mələkləri qarşımıza gətirməlisən.
(İsra surəsi, 92)
Yaxud da sənin qızıldan bir evin olmalı, ya da sən göyə qalxmalısan! (Yoxsa sənə inanmarıq.) Bizə oxuyacağımız bir kitab endirmədiyin müddətcə göyə qalxdığına da əsla inanmarıq”. De ki: “Rəbbim pak və müqəddəsdir! Mən yalnız elçi olaraq göndərilən bir insanam”.
(İsra surəsi, 93)
Bizimlə qarşılaşmağı (hüzurumuza gələcəklərini) ummayanlar: “Bizə ya mələklər endirilməli, ya da biz Rəbbimizi görməli deyildikmi?” - dedilər. Şübhəsiz ki, onlar özləri barəsində təkəbbürə qapıldılar və azğınlıqda həddi aşdılar.
(Furqan surəsi, 21)
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi.
(Ənam surəsi, 8)
Onlar: “Ona (Məhəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki: “Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”.
(Yunis surəsi, 20)
Allaha qəlbən and içdilər ki, əgər onlara bir möcüzə gəlsə, ona mütləq inanacaqlar. De: “Möcüzələr ancaq Allahın dərgahındadır. Bəs, (möcüzə) gəlsə belə, yenə də iman etməyəcəklərini bilmirsinizmi?”
(Ənam surəsi, 109)