"Ölümdən ancaq Allaha və axirət gününə inanmayanlar qorxarlar" MÖVZUSU İLƏ ƏLAQƏLİ AYƏLƏR
Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara: “Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz.
(Bəqərə surəsi, 243)
Həqiqətən, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Artıq onu əyani şəkildə gördünüz.
(Ali İmran surəsi, 143)
Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” - deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlbində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur!
(Məhəmməd surəsi, 20)
Yaxud (onların halı) göydən yağan, içində qaranlıqlar, göy gurultusu və şimşək olan yağışa (tutulmuş kimsələrin halına) bənzəyir. Onlar ildırımın səsindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah (elmi və qüdrəti ilə) inkar edənləri əhatələmişdir.
(Bəqərə surəsi, 19)