Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Göydən su endirən də Odur. Hər növ bitkini onunla yetişdirdik və ondan da bir-birinə sarmaşmış (sünbül olmuş) dənələr çıxartdığımız yaşıl fidanlar, xurmanın tumurcuğundan sallanmış salxımlar, üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar bağları meydana gətirdik. Bar verərkən və yetişdiyi zaman onun meyvəsinə baxın! Şübhəsiz ki, (bütün) bunlarda, iman edən bir qövm üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır.
(Ənam surəsi, 99)
Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz.
(Ənam surəsi, 141)
Allah onun vasitəsilə sizin üçün əkinlər, zeytun, xurma, üzüm və hər cür meyvələrdən yetişdirir. Həqiqətən, bunda təfəkkür edən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 11)
Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir.
(Nur surəsi, 35)