Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Namazı qılın, zəkatı verin və rüku edənlərlə birlikdə rüku edin!
(Bəqərə surəsi, 43)
Bir zaman İsrail oğullarından: “Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz.
(Bəqərə surəsi, 83)
Namazı qılın, zəkatı verin! Özünüz üçün öncədən hazırlayıb göndərdiyiniz hər bir yaxşı əməli (yaxşı əməlin mükafatını) Allah yanında tapacaqsınız. Həqiqətən, Allah etdiklərinizi görəndir.
(Bəqərə surəsi, 110)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
Həqiqətən, iman edib xeyirli işlər görən, namazı qılan və zəkatı verən kimsələr üçün Rəbbi yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 277)
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və: “Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki: “Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xeyirlidir. Sizə xurma çərdəyinin teli qədər belə haqsızlıq edilməyəcəkdir.
(Nisa surəsi, 77)
Ancaq onlardan elmi güclü olanlar və möminlər sənə nazil edilənə və səndən əvvəl nazil edilənə iman edirlər. Namazı qılan, zəkatı verən, Allaha və axirət gününə iman edənlərə böyük mükafat verəcəyik.
(Nisa surəsi, 162)
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi: “Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, elçilərimə iman edib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”.
(Maidə surəsi, 12)
Sizin dostunuz ancaq Allah, onun elçisi, rüku edərək namaz qılan və zəkat verən möminlərdir.
(Maidə surəsi, 55)
Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu: “Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman edən kimsələrə yazacağam (nəsib edəcəyəm)”.
(Əraf surəsi, 156)
Haram aylar çıxan kimi müşrikləri harada görsəniz öldürün, yaxalayıb əsir alın, həbs edin və onların bütün keçidlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onların yollarını açın. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Tövbə surəsi, 5)
Ancaq tövbə edər, namaz qılar və zəkat verərlərsə, onlar sizin din qardaşlarınızdır. Biz düşünən bir qövm üçün ayələri belə izah edirik.
(Tövbə surəsi, 11)
Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman edən, namazı qılan, zəkatı verən və Allahdan başqa heç kimdən qorxmayan kimsələr təmir edərlər. Ümid edilir ki, onlar doğru yolda gedənlərdən olarlar.
(Tövbə surəsi, 18)
Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbi İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Tövbə surəsi, 60)
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 71)
Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi.
(Məryəm surəsi, 31)
O, öz xalqına namaz qılmağı və zəkat verməyi əmr edirdi. Həmçinin o, Rəbbinin rizasına nail olmuşdu.
(Məryəm surəsi, 55)
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
Onlar o kəslərdir ki, əgər onlara yer üzündə hakimiyyət versək, namaz qılar, zəkat verər, yaxşılığı əmr edər və pislikdən çəkindirərlər. Bütün işlərin sonu Allaha aiddir.
(Həcc surəsi, 41)
Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin və Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O nə gözəl mövla və nə gözəl yardımçıdır!
(Həcc surəsi, 78)
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
(Nur surəsi, 37)
Namazı qılın, zəkatı verin və elçiyə itaət edin ki, sizə rəhm olunsun!
(Nur surəsi, 56)
O (mömin) kimsələr ki, namazı qılır, zəkatı verir və axirətə qəti şəkildə inanırlar.
(Nəml surəsi, 3)
İnsanların mal-mülkü artsın deyə verdiyiniz hər hansı bir faiz Allah dərgahında artmaz. Allahın rizasını diləyərək verdiyiniz zəkata gəldikdə, bunu edənlər (mənəvi qazanclarını və mallarının bərəkətini) qat-qat artıran kimsələrdir.
(Rum surəsi, 39)
Onlar namazı qılar, zəkatı verər və axirətə yəqinliklə inanarlar.
(Loğman surəsi, 4)
Evlərinizdə oturun, əvvəlki cahiliyyə dövründə olduğu kimi açıq-saçıq geyinməyin! Namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Ey əhli-beyt! Həqiqətən, Allah sizdən pisliyi uzaqlaşdırmaq və sizi tərtəmiz etmək istəyir.
(Əhzab surəsi, 33)
Onlar zəkat verməz və axirəti inkar edərlər.
(Fussilət surəsi, 7)
(Elçi ilə) gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun elçisinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır.
(Mücadilə surəsi, 13)
(Ey elçi!) Şübhəsiz ki, Rəbbin sən və səninlə birlikdə olanlardan bir zümrənin gecənin üçdə ikisinə yaxın bir qismini, (bəzən) yarısını, (bəzən də) üçdə birini ibadətə ayırdığını bilir. Gecəni və gündüzü ölçüb-biçən Allahdır. O, bu vaxtları hesablaya bilməyəcəyinizi bildiyi üçün sizi bağışladı. Ona görə də Qurandan sizə asan gələn yeri oxuyun! O, içinizdən xəstə olanları, eləcə də Allahın lütfündən (ruzi) axtarmaq üçün yer üzündə səfər edənləri və Allah yolunda cəhd edənləri bilir. Elə isə ondan (Qurandan) sizə asan gələn yeri oxuyun! Namazı qılın, zəkatı verin və Allaha gözəl bir borc verin! Özünüz üçün (dünyada ikən) hansı xeyirli bir əməli etsəniz, Allah dərgahında onun daha xeyirli olduğunu və daha böyük mükafatı olduğunu görəcəksiniz. Allahdan bağışlanmağınızı diləyin! Həqiqətən, Allah bağışlayandır, rəhmlidir.
(Müzzəmmil surəsi, 20)
Halbuki onlara dini yalnız Allaha məxsus edərək və hənif olaraq (Allaha şərik qoşmadan) Ona ibadət etmələri, namaz qılmaları və zəkat vermələri əmr olunmuşdu. Doğru din budur!
(Beyyinə surəsi, 5
)