Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan (bitki) kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və: “Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi.
(Ali İmran surəsi, 37)
Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.
(Ali İmran surəsi, 38)
Zəkəriyya mehrabda ayaq üstə namaz qılarkən mələklər ona belə səsləndi: “Allah sənə, Allahdan (gələn) kəlməni (İsanı) təsdiqləyici, eləcə də rəhbər, namuslu və əməlisalehlərdən bir elçi olaraq Yəhyanı müjdə verir”.
(Ali İmran surəsi, 39)
Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”.
(Ali İmran surəsi, 40)
Zəkəriyya dedi: “Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu: “Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”
(Ali İmran surəsi, 41)
Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da (doğru yola yönəltmişdik). Onların hamısı əməlisaleh kimsələr idi.
(Ənam surəsi, 85)
(Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir!
(Məryəm surəsi, 2)
Bir zaman o, astadan Rəbbinə səslənmişdi.
(Məryəm surəsi, 3)
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)
Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver!
(Məryəm surəsi, 5)
O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
(Məryəm surəsi, 6)
(Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səni Yəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik”.
(Məryəm surəsi, 7)
O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
(Məryəm surəsi, 8)
O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: “Bu Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” - dedi”.
(Məryəm surəsi, 9)
(Zəkəriyyə) dedi: “Ey Rəbbim, (buna dair) mənə bir işarə ver!” Allah: “Sənin işarən, sağlam olduğun halda üç gün insanlarla danışa bilməməyindir”, – buyurdu.
(Məryəm surəsi, 10)
Beləcə o, məbəddən qövmünün hüzuruna çıxdı və onlara: “Səhər-axşam təsbeh edin (Allahın şəninə təriflər deyin)!” - deyə işarə etdi.
(Məryəm surəsi, 11)
Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi.
(Ənbiya surəsi, 89
)