Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İkisi də qapıya tərəf qaçdılar. (Züleyxa) onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar. (Züleyxa) dedi: “Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”
(Yusif surəsi, 25)
(Züleyxa) dedi: “Barəsində məni qınadığınız (cavan oğlan) budur. Onu tovlayıb yoldan çıxartmaq istədim, ancaq o imtina etdi. Əgər o mənim əmrimi yerinə yetirməzsə, mütləq, zindana atılacaq və zəlil olacaqdır”.
(Yusif surəsi, 32)
Yusif dedi: “Ey Rəbbim! Zindan mənim üçün onların məni dəvət etdiklərindən daha yaxşıdır. Əgər onların hiyləsini məndən uzaqlaşdırmasan, onlara meyil salar və cahillərdən olaram”.
(Yusif surəsi, 33)
Sonra (vəzir və yanındakılar) dəlilləri görmələrinə baxmayaraq onu müəyyən bir müddətə qədər zindanda həbs etmək qərarına gəldilər.
(Yusif surəsi, 35)
Onunla birlikdə iki gənc də zindana girdi. Onlardan biri: “Mən (yuxuda) şərab sıxdığımı gördüm”, - dedi. Digəri isə: “Mən başımın üstündə bir çörək apardığımı gördüm. Quşlar da o çörəkdən yeyirdilər. Bunun yozumunu bizə xəbər ver! Həqiqətən, biz sənin xeyirxahlardan olduğunu görürük”, - dedi.
(Yusif surəsi, 36)
Ey zindan yoldaşlarım, müxtəlif ilahlar daha yaxşıdır, yoxsa hər şeyə qadir olan tək Allah?!
(Yusif surəsi, 39)
Ey zindan yoldaşlarım! (Yuxunuzun yozumuna gəldikdə,) Sizdən biriniz yenə ağasına şərab içirdəcək, digəri isə asılacaq və quşlar onun başını yeyəcəklər. Soruşduğunuz məsələ barəsində hökm verilmişdir”.
(Yusif surəsi, 41)
Yusif o ikisindən xilas olacağını bildiyi kimsəyə dedi: “Ağanın yanında məni də yad et!” Ancaq şeytan ona ağasının yadına salmağı unutdurdu və Yusif bir neçə il daha zindanda qaldı.
(Yusif surəsi, 42)
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir.
(Yusif surəsi, 100
)