Nəhayət, günəşin batdığı yerə gəlib çatanda onu palçıqlı bir gölməçədə batan gördü. Gölməçənin yanında da bir qövm gördü. Biz: “Ey Zülqərneyn! Ya (onlara) əzab verməli, ya da onlar barəsində yaxşılıq yolunu tutmalısan!” – dedik.
(Kəhf surəsi, 86)
O dedi: “Haqsızlıq edənə əzab verəcəyik. Sonra o Rəbbinə qaytarılacaq və (Rəbbi) ona görünməmiş bir əzab verəcək.
(Kəhf surəsi, 87)
İman edib saleh əməl edən kimsəyə gəldikdə, onun üçün ən gözəl mükafat vardır. Biz ona asan işləri buyuracağıq”.
(Kəhf surəsi, 88)
Nəhayət, günəşin doğduğu yerə çatanda onu bir qövmün üzərində doğarkən gördü. Biz onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq.
(Kəhf surəsi, 90)
Beləcə, Biz onunla bağlı hər şeydən xəbərdar idik.
(Kəhf surəsi, 91)
Sonra o, yenə yoluna davam etdi.
(Kəhf surəsi, 92)
Nəhayət, iki sədd arasına çatdığı zaman onların önündə demək olar ki, heç bir sözü anlamayan bir tayfa gördü.
(Kəhf surəsi, 93)
Onlar dedilər: “Ey Zülqərneyn! Həqiqətən, Yəcuc və Məcuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onların arasında bir sədd çəkəsən deyə sənə müəyyən məbləğ verəkmi?”
(Kəhf surəsi, 94)
O dedi: “Rəbbimin mənə verdiyi səltənət və qüdrət daha yaxşıdır. Siz (iş) qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim.
(Kəhf surəsi, 95)
Mənə dəmir parçaları gətirin!” Nəhayət, iki dağın arasını eyni səviyyəyə gətirdiyi zaman o: “(Körükləri) üfürün!” - dedi. Onu od halına saldığı zaman: “Mənə gətirin, onun üzərinə ərimiş qatran töküm!” - dedi.
(Kəhf surəsi, 96)
Beləcə (Yəcuc-Məcuc tayfaları) nə o səddi aşa bildilər, nə də onu deşib keçə bildilər.
(Kəhf surəsi, 97)
(Zülqərneyn) dedi: “Bu, Rəbbimdən gələn bir mərhəmətdir. Ancaq Rəbbimin vədi gəldiyi zaman O, bu səddi yerlə yeksan edəcəkdir. Rəbbimin vədi haqdır”.
(Kəhf surəsi, 98)