Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.
(Nisa surəsi, 36)
Allaha və axirət gününə iman etmədikləri halda mallarını insanlara göstəriş üçün infaq edənlərdir. Şeytan kimə yoldaşlıq edərsə, (bilsin ki,) o necə də pis bir yoldaşdır!
(Nisa surəsi, 38)
Kim Allaha və elçiyə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi elçilər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır!
(Nisa surəsi, 69)
İnkar edib ayələrimizi yalanlayanlara gəldikdə, onlar cəhənnəm əhlidirlər.
(Maidə surəsi, 86)
De: “Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi dua edək?! Allah bizi doğru yola yönəltdikdən sonra yer üzündə şaşqın bir halda dolaşarkən şeytanların azdırdığı kəs kimi geriyəmi döndəriləcəyik? (Şeytanın azdırdığı) o kimsənin “Bizə gəl!” - deyərək haqq yola çağıran dostları var”. De: “Əsil doğru yol Allahın yoludur. Bizə aləmlərin Rəbbinə təslim olmağımız əmr edilmişdir”.
(Ənam surəsi, 71)
Ayələrimizi yalan sayıb təkəbbürlənərək onlardan üz çevirənlər isə cəhənnəm əhlidirlər. Onlar orada əbədi qalacaqlar.
(Əraf surəsi, 36)
Düşünmürlərmi ki, yoldaşlarında (Məhəmməd peyğəmbərdə) heç bir dəlilik (əlaməti) yoxdur? O ancaq açıq bir şəkildə xəbərdar edəndir.
(Əraf surəsi, 184)
Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 40)
Müşriklərin cəhənnəmlik olduqları bəlli olduqdan sonra, qohum olsalar belə, onlar üçün bağışlanma diləmək elçiyə və möminlərə yaraşmaz.
(Tövbə surəsi, 113)
Ey zindan yoldaşlarım, müxtəlif ilahlar daha yaxşıdır, yoxsa hər şeyə qadir olan tək Allah?!
(Yusif surəsi, 39)
Ey zindan yoldaşlarım! (Yuxunuzun yozumuna gəldikdə,) Sizdən biriniz yenə ağasına şərab içirdəcək, digəri isə asılacaq və quşlar onun başını yeyəcəklər. Soruşduğunuz məsələ barəsində hökm verilmişdir”.
(Yusif surəsi, 41)
(Ey Rəsulum!) Əgər (inkar edənlərə) təəccüblənirsənsə, (bil ki,) əslində təəccüblü olan onların “Biz torpaq olduqdan sonra yenidənmi yaradılacağıq?” sözüdür. Onlar Rəbbini inkar edənlərdir. (Axirət günü) onların boyunlarına zəncir vurulacaq. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
(Rad surəsi, 5)
Onun başqa gəliri də var idi. Ona görə də yoldaşı ilə söhbət edərkən ona: “Mən, mal-mülk cəhətdən səndən daha zənginəm, (əşirətdəki) say etibarilə də səndən daha güclüyəm!” - dedi.
(Kəhf surəsi, 34)
Onunla söhbət edən yoldaşı ona dedi: “Səni torpaqdan, sonra nütfədən yaradan, sonra da səni insan surətinə salan Allahı inkarmı edirsən?
(Kəhf surəsi, 37)
(Musa): “Əgər bundan sonra səndən bir şey soruşsam, o zaman mənimlə yoldaşlıq etmə! Artıq məndən gələcək üzrxahlığın son həddinə çatdın.
(Kəhf surəsi, 76)
(Ey elçi!) De: “Mən sizə yalnız bir öyüd verəcəyəm. Allah üçün iki-iki, bir-bir ayağa qalxın, sonra da düşünün! Sizin yoldaşınızda (Məhəmməddə) heç bir dəlilik yoxdur. O, yalnız şiddətli bir əzab gəlmədən əvvəl sizi xəbərdar edən bir elçidir”.
(Səba surəsi, 46)
Həqiqətən, zülm edənləri də (keçmiş) yoldaşları kimi əzab qisməti gözləyir. Buna görə də onlar Məni tələsdirməsinlər.
(Zəriyət surəsi, 59)
Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da (qılıncını) alıb (dəvəni) kəsdi.
(Qamər surəsi, 29
)