Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
(Oruc tutmaq) sayı müəyyən olan günlərdədir. Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun! Oruc tutmağa tab gətirməkdə çətinlik çəkənlər isə bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz!
(Bəqərə surəsi, 184)
Əgər siz səfərdə olub katib tapa bilməsəniz bir şeyi girov qoymağınız da kifayətdir. Biriniz digərinə bir şey əmanət edibsə, əmanət verilən kimsə əmanəti (vaxtı gələndə sahibinə) geri qaytarsın və Rəbbi olan Allahdan qorxsun! Şahidliyi gizlətməyin! Kim onu gizlədərsə, şübhəsiz, onun qəlbi günahkardır. Allah etdiyiniz əməlləri biləndir.
(Bəqərə surəsi, 283)
Ey iman edənlər! Fəhmsiz (anlaqsız, idraksız) ikən nə dediyinizi bilənə qədər və cünub olduğunuz zaman – yolçular istisna olmaqla - qüsl edənədək namaza yaxınlaşmayın! Əgər xəstə, yaxud səfərdə olsanız və ya sizdən biri ayaq yolundan gəlsə, yaxud qadınlarla yaxınlıq etsəniz (cinsi əlaqədə olsanız), (qüsl və ya dəstəmaz üçün) su tapmasanız, təmiz bir torpaqla təyəmmüm edin; (torpağı) üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, bağışlayandır.
(Nisa surəsi, 43)
Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin. Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz.
(Maidə surəsi, 6)
Ey iman edənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar: “Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsinlər.
(Maidə surəsi, 106)
Əgər Allaha və haqq ilə batilin ayrıldığı gün olan iki ordunun bir-birilə qarşılaşdığı gün bəndəmizə nazil etdiyimizə iman etmisinizsə, bilin ki, qənimət olaraq ələ keçirdiyiniz hər hansı bir şeyin beşdə biri Allaha, elçiyə, yaxınlara, yetimlərə, yoxsullara və yolda qalmış yolçulara aiddir. Allah hər şeyə qadirdir.
(Ənfal surəsi, 41)
Onlardan biri dedi: “Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”.
(Yusif surəsi, 10)
Bir karvan gəldi və sudaşıyanı (su dalınca) göndərdilər. O qabını (quyuya) saldı. (Yusifi görəndə:) “Müjdə! Bu bir oğlan uşağıdır!” - dedi. Onlar Yusifi satmaq məqsədi ilə qul kimi saxladılar. Allah onların etdiklərini biləndir.
(Yusif surəsi, 19)
Yaxın qohuma, yoxsula və yolda qalmış müsafirə (zəkat, yaxud sədəqədən) haqqını ver! Allahın rizasını istəyənlər üçün bu daha xeyirlidir. Onlar əsil nicat tapanlardır.
(Rum surəsi, 38)
Onların qış və yay səyahətləri asanlaşdırıldığı üçün,
(Qureyş surəsi, 2
)