Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız.
(Ənam surəsi, 152)
Yusif yetkinlik yaşına çatdığı zaman ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq.
(Yusif surəsi, 22)
Həddi-büluğa çatana qədər yetimin malına yalnız yaxşı niyyətlə yaxınlaşın! Verdiyiniz sözü yerinə yetirin! Şübhəsiz ki, verilmiş söz (sözün sahibi) sorğu-sual olunacaqdır.
(İsra surəsi, 34)
Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlan uşağına məxsus idi. Onun altında onlara aid bir xəzinə vardı. Ataları da yaxşı insan idi. Rəbbin istədi ki, onlar həddi-büluğa çatıb Rəbbindən bir rəhmət olaraq öz xəzinələrini çıxartsınlar. Mən bunu öz ixtiyarımla etmədim. Bu, səbir edə bilmədiyin şeylərin izahıdır”.
(Kəhf surəsi, 82)
Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
(Həcc surəsi, 5)
Ey iman edənlər! Əlinizin altındakılar (cariyə) və həddi-büluğa çatmayanlarınız sübh namazından əvvəl, günorta paltarınızı soyunduğunuz zaman və axşam namazından sonra (yanınıza daxil olacaqları zaman) sizdən üç dəfə icazə alsınlar. Bu üç vaxt sizin məhrəm (soyunmuş ola biləcəyiniz) vaxtlarınızdır. Digər vaxtlarda bir-birinizin yanına (icazəsiz) daxil olmağınızda sizə də, onlara da heç bir günah yoxdur. Allah sizin üçün ayələri belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nur surəsi, 58)
Sizdən uşaq olanlar həddi-büluğa çatdıqları zaman özlərindən əvvəlkilərin icazə istədikləri kimi icazə istəsinlər. Allah sizin üçün ayələrini belə açıqlayır. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Nur surəsi, 59)
Musa yetkinlik yaşına çatdığı zaman Biz ona hikmət (elçilik) və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Qəsas surəsi, 14
)