Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İbrahim və Yaqub da: “Ey övladlarım, həqiqətən, Allah sizin üçün bu dini seçmişdir. Ona görə də ancaq müsəlman olaraq can verin!” – deyərək bunu öz övladlarına vəsiyyət etdilər.
(Bəqərə surəsi, 132)
İbrahim bunu övladlarına vəsiyyət etdi və Yaqub da belə bir vəsiyyət edərək dedi: “Övladlarım, şübhəsiz ki, Allah sizin üçün bu dini seçdi, siz ancaq müsəlman olaraq can verin.”
(Bəqərə surəsi, 133)
Belə deyin: “Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən elçilərə verilənlərə iman etmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!”
(Bəqərə surəsi, 136)
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)
De: “Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına nazil edilənə iman etdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) elçilərə verilənlərə də (iman etdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”
(Ali İmran surəsi, 84)
Biz Nuha və ondan sonrakı elçilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Ənam surəsi, 84)
(İbrahimin) zövcəsi də orada idi və (bunu eşidəndə) güldü. Beləcə, onu (zövcəsi Saranı) İshaqla, İshaqın ardınca da Yaqubla müjdələdik.
(Hud surəsi, 71)
O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!”
(Məryəm surəsi, 6)
İbrahim onlardan və Allahı qoyub sitayiş etdiklərindən uzaqlaşdığı zaman Biz ona İshaqı və (onun oğlu) Yaqubu bəxş etdik. Onların hər ikisini də elçi etdik.
(Məryəm surəsi, 49)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik. Onun nəslindən gələnlərə də elçilik və Kitab verdik. Dünyada ona mükafatını verdik. Şübhəsiz, o, axirətdə də salehlərdəndir.
(Ənkəbut surəsi, 27)
Biz İbrahimə İshaqı və bir də Yəqubu bəxş etdik. Hər birini saleh kimsələr etdik.
(Ənbiya surəsi, 72)
Biz onları əmrimizlə (insanlara) doğru yolu göstərən öndərlər etdik və onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar Bizə ibadət edən kimsələr idilər.
(Ənbiya surəsi, 73)
(Ey elçi!) Qüvvətli və bəsirətli bəndələrimiz olan İbrahimi, İshaqı və Yaqubu da yad et!
(Sad surəsi, 45)
Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik.
(Sad surəsi, 46)
Həqiqətən, onlar dərgahımızda seçilmiş ən xeyirli kimsələrdəndirlər.
(Sad surəsi, 47
)