Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Yaxud (onların halı) göydən yağan, içində qaranlıqlar, göy gurultusu və şimşək olan yağışa (tutulmuş kimsələrin halına) bənzəyir. Onlar ildırımın səsindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah (elmi və qüdrəti ilə) inkar edənləri əhatələmişdir.
(Bəqərə surəsi, 19)
O Allah sizin üçün yer üzünü döşədi, göyü də tavan olaraq yaratdı. O, göydən yağış endirdi və onunla sizin üçün ruzi olan müxtəlif meyvələr yetişdirdi. Elə isə, bilə-bilə Allaha şərik qoşmayın!
(Bəqərə surəsi, 22)
Ey iman edənlər! Özünü insanlara göstərmək üçün malını sərf edib Allaha və axirət gününə inanmayan şəxs kimi, siz də sədəqələrinizi minnət qoyaraq və əziyyət verərək puça çıxartmayın! Onun (minnətlə sədəqə verənin) halı, üzərində (bir az) torpaq olan qayanın halına bənzəyir. Ora şiddətli bir yağış yağıb onu çılpaq bir hala salar. Onlar, qazandıqlarından heç bir şeyə (savaba) nail ola bilməzlər. Allah inkar edənlər qövmünü doğru yola yönəltməz.
(Bəqərə surəsi, 264)
Allahın rizasını qazanmaq və içlərindəkini (comərdliklərini) möhkəmləndirmək üçün mallarını infaq edənlərin halı, bir təpənin üstündəki bir bağın halına bənzəyir ki, ora bol yağış yağar və (o yağış nəticəsində) ikiqat meyvə verər. Ora bol yağış yağmasa belə, az bir şeh də (ona kifayət edər). Allah sizin nə etdiyinizi görür.
(Bəqərə surəsi, 265)
Ey Rəsulum!) Sən (döyüş əsnasında əsgərlərin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. İnkar edənlər istəyərlər ki, kaş siz silah-sursatınızdan və əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız və sizin üzərinizə birdəfəlik basqın edəydilər. Əgər yağışdan əziyyət çəkərsinizsə, yaxud xəstə olarsınızsa, silahlarınızı yerə qoymağınız sizə günah deyil. Yenə də ehtiyat tədbirinizi görün! Şübhəsiz ki, Allah inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Nisa surəsi, 102)
Onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi görmədilərmi?! Onlara yer üzündə sizə vermədiyimiz imkanlar vermişdik. Onlara göydən bol yağış göndərmiş və (evlərinin) altından çaylar axıtmışdıq. Biz onları günahları səbəbilə məhv etdik və onlardan sonra başqa nəsillər yaratdıq.
(Ənam surəsi, 6)
Onun ardınca da (Allah tərəfindən bol yağışla) insanlara yardım ediləcəyi və meyvələrin şirəsini sıxacaqları bir il gələcəkdir”.
(Yusif surəsi, 49)
Görmədinmi ki, Allah buludları sürükləyər, sonra onları bir yerə toplayar, sonra da onları üst-üstə yığar. Onların arasından yağmur çıxdığını görərsən. O, göydəki dağlardan (dağ kimi böyük buludlardan) dolu yağdırar və onunla dilədiyinə zərər verər, dilədiyindən də onu sovuşdurar. (O buludların) şimşəyinin parıltısı az qalır ki, gözləri kor etsin.
(Nur surəsi, 43)
Həqiqətən, (Məkkəli müşriklər) fəlakət yağışına tutulmuş şəhərə gəlmişdilər. Bəs oranı görmədilərmi? Xeyr, onlar yenidən dirilməyi ümid etmirlər.
(Furqan surəsi, 40)
Onların üzərinə bir yağış yağdırdıq. Xəbərdar edilənlər nə pis yağışa tutuldular!
(Şuəra surəsi, 173)
Onların üstünə (qızmar gildən) bir yağış yağdırdıq. Xəbərdar edilənlər nə pis yağışa tutuldular!
(Nəml surəsi, 58)
Küləkləri göndərib buludları hərəkətə gətirən Allahdır. Allah onları göydə istədiyi kimi yayar və parça-parça edər. Onların arasından da yağışın çıxdığını görərsən. Allah dilədiyi bəndələrinə onu (yağışı) nəsib edən zaman onlar sevinərlər.
(Rum surəsi, 48)
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Loğman surəsi, 34)
Onlar ümidsizliyə düşdükdən sonra yağışı endirən və Öz rəhmətini (yer üzünə) yayan da Odur. O, həqiqi dostdur, hər cür tərifə layiqdir.
(Şura surəsi, 28)
Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman: “Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir.
(Əhqaf surəsi, 24)
Bilin ki, dünya həyatı yalnız oyun-əyləncə, bər-bəzək, bir-birinizə qarşı öyünmək, bir də mal-mülk və övlad çoxaltmaq yarışından ibarətdir. O (dünya həyatı) elə bir yağışa bənzəyir ki, onun (torpaqdan) bitirdikləri inkar edənlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görərsən. Sonra da çör-çöp olar. Axirətdə həm şiddətli bir əzab, həm də Allahdan məğfirət və razılıq vardır. Dünya həyatı aldadıcı zövqdən başqa bir şey deyildir.
(Hədid surəsi, 20)
(Allahdan bağışlanmağınızı diləyin ki,) O, göydən sizə bol-bol yağış göndərsin,
(Nuh surəsi, 11
)