Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Şübhəsiz ki, (əvvəlki elçilərə) iman edənlər, yəhudilər, xristianlar və sabiilərdən hər kim Allaha və axirət gününə iman edib saleh əməl işləyərsə, onların mükafatları Rəbbinin yanındadır. Onlar üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Bəqərə surəsi, 62)
Onlar: “Yəhudi və ya xaçpərəstdən başqası əsla cənnətə girməyəcək!” - dedilər. Bu, onların boş xülyalarıdır. De: “Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”
(Bəqərə surəsi, 111)
Yəhudilər: “Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də: “Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat və İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Bəqərə surəsi, 113)
Onlar: “Allah Özünə övlad götürmüşdür”, - dedilər. O, pakdır (bu kimi sifətlərdən uzaqdır). Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Hər bir şey Ona itaət edir.
(Bəqərə surəsi, 116)
Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki: “Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar.
(Bəqərə surəsi, 120)
Onlar: “Doğru yolda olmaq üçün yəhudi və ya xaçpərəst olun!” - dedilər. De: “Əksinə, biz hənif olan (Allaha şərik qoşmayan) İbrahimin dinindəyik. O, Allaha şərik qoşanlardan deyildi”.
(Bəqərə surəsi, 135)
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”.
(Bəqərə surəsi, 140)
O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb inkar edənlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər inkar edənlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”
(Ali İmran surəsi, 55)
İbrahim nə yəhudi, nə də xristian idi. O, ancaq hənif (Allahın birliyini tanıyan) bir müsəlman idi və (Allaha) şərik qoşanlardan deyildi.
(Ali İmran surəsi, 67)
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir.
(Maidə surəsi, 14)
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər həqiqətən, inkar edən oldular. De: “Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Allaha qarşı bir şey edə bilər?! Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. O, dilədiyini yaradar. Allah hər şeyə qadirdir”.
(Maidə surəsi, 17)
Yəhudilər və xristianlar: “Biz Allahın övladları və sevimliləriyik”, - dedilər. De: “Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”.
(Maidə surəsi, 18)
İncil əhli Allahın onda nazil etdiyi ilə hökm versin. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır.
(Maidə surəsi, 47)
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, inkar edən olmuşlar. Halbuki, Məsih belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”.
(Maidə surəsi, 72)
Ey iman edənlər, yəhudi və xristianları başçı (rəhbər, hakim) etməyin. Onlar bir-birlərinin dostlarıdır. Sizdən kim onları rəhbər edərsə, o da onlardandır. Şübhəsiz ki, Allah zalım bir qövmü doğru yola yönəltməz.
(Maidə surəsi, 51)
Şübhəsiz, iman edənlər, yəhudilər, sabiilər və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı işlər görənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər.
(Maidə surəsi, 69)
İman edənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman edənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.
(Maidə surəsi, 82)
Yəhudilər: “Üzeyr Allahın oğludur”, - dedilər. Xristianlar da: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl inkar edən olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (haqq yoldan) döndərilirlər.
(Tövbə surəsi, 30)
Onlar Allahı qoyub xaxamlarını, (xristianlar da) rahiblərini və Məryəm oğlu Məsihi özlərinə ilah qəbul etdilər. Halbuki onlara yalnız bir olan Allaha ibadət etmələri əmr olunmuşdu. Ondan başqa heç bir ilah yoxdur. Allah onların şərik qoşduqlarından uzaqdır!
(Tövbə surəsi, 31)
Allah qiyamət günü möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında mütləq Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Həcc surəsi, 17)
Sonra onların ardınca elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da göndərdik və ona İncili verdik. Ona tabe olanların qəlbinə şəfqət və mərhəmət qoyduq. Uydurduqları rahibliyi Biz onlara vacib etmədik. Onlar özləri Allahın rizasını qazanmaq üçün bunu etdilər, lakin buna da lazımi şəkildə riayət etmədilər. Onlardan iman edənlərə mükafatlarını verdik. Ancaq onların çoxu fasiqlərdir.
(Hədid surəsi, 27
)