Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
O zaman (Bədr döyüşündə) siz vadinin ən yaxın tərəfində (Mədinə tərəfdə), onlar da ən uzaq tərəfində (Məkkə tərəfdə) idilər. Karvan isə sizdən daha aşağıda (dəniz sahilində) idi. Əgər (döyüş üçün) sözləşmiş olsaydınız, təyin edilən vaxt barəsində mütləq ixtilafa düşərdiniz. Ancaq Allah olacaq işi yerinə yetirmək, həlak olanın açıq bir dəlillə həlak olması, sağ qalanın da açıq bir dəlillə sağ qalması üçün belə etdi. Şübhəsiz ki, Allah hər şeyi eşidəndir, biləndir.
(Ənfal surəsi, 42)
Allah onların əməllərini ən gözəli ilə mükafatlandırsın deyə, az və ya çox onların infaq etdikləri hər bir şey və keçdikləri hər bir vadi, mütləq onlara savab olaraq yazılar.
(Tövbə surəsi, 121)
Əgər Quranla dağlar yeridilsəydi, yaxud yer parçalansaydı və ya ölülər danışdırılsaydı, (onlar yenə də iman etməzdilər). Xeyr, bütün işlər Allaha aiddir. İman edənlər hələ də bilmədilərmi ki, əgər Allah diləsəydi, bütün insanları hidayətə yönəldərdi?! Allahın vədi gələnə qədər etdikləri əməllərə görə inkar edənlərə bəla üz verməyə davam edəcək, yaxud (o bəla) evlərinin yaxınlığına enəcəkdir. Şübhəsiz ki, Allah əsla vədindən dönməz!
(Rad surəsi, 31)
Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin müqəddəs evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr.
(İbrahim surəsi, 37)
Həqiqətən, Mən sənin Rəbbinəm. Dərhal çarıqlarını çıxart. Çünki sən müqəddəs vadi olan Tuvadasan!
(Taha surəsi, 12)
İnsanlar arasında həcci elan et ki, istər piyada, istərsə də hər cür uzaq yoldan dəvə üstündə sənə gəlsinlər.
(Həcc surəsi, 27)
Onların hər bir vadidə sərgərdan dolaşdıqlarını görmədinmi?!
(Şuəra surəsi, 225)
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!”
(Nəml surəsi, 18)
Ora gəlib çatdıqda sağdakı vadi tərəfdə olan mübarək yerdə olan ağacdan belə bir nida gəldi: “Ey Musa, Mən aləmlərin Rəbbi olan Allaham!
(Qəsas surəsi, 30)
Bir zaman Rəbbi ona müqəddəs Tuva vadisində belə səslənmişdi:
(Naziat surəsi, 16)
Vadidə qayaları oyan (və ev düzəldən) Səmud qövmünə də!
(Fəcr surəsi, 9
)