Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Göylərin və yerin hökmranlığının Allaha məxsus olduğunu və sizin Allahdan başqa heç bir himayəçinizin və yardımçınızın olmadığını bilmirsənmi?
(Bəqərə surəsi, 107)
Ey iman edənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (qisas ala bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 178)
Allah iman edənlərin dostudur. Onları qaranlıqdan aydınlığa çıxarar. İnkar edənlərin dostu isə Tağutdur. Onları aydınlıqdan çıxarıb qaranlığa salarlar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar.
(Bəqərə surəsi, 257)
Ey iman edənlər! Müəyyən müddətə qədər borc alıb-verdiyiniz zaman onu yazın! Aranızda bir katib (onu) ədalətli bir şəkildə yazsın! Katib, Allahın öyrətdiyi kimi yazmaqdan boyun qaçırmasın və yazsın! Borclu olan şəxs də söyləyərək yazdırsın və Rəbbi olan Allahdan qorxaraq ondan bir şey əskiltməsin (borcunu əskik yazdırmasın)! Əgər borclu şəxs ağılsız və ya zəifdirsə, yaxud yazdırmağa qadir deyilsə, o zaman onun vəkili ədalətli bir şəkildə (onun borcunu) yazdırsın! Öz adamlarınızdan iki kişini də şahid tutun! Əgər (şahidlik edəcək) iki kişi yoxdursa, razı olduğunuz şahidlərdən bir kişi ilə iki qadın (şahid olsun ki), o iki qadından biri unudarsa, digəri ona xatırlatsın.(Şahidlik etmələri üçün) çağırıldıqları zaman şahidlər boyun qaçırmasınlar. Az olsun, yaxud çox olsun, (borcu) hansı vaxta qədər olduğunu yazmağa ərinməyin! Bu, Allah dərgahında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün daha uyğundur. Ancaq aranızda həmişə dövr edən nəğd ticarət olarsa, onu yazmamağınız sizin üçün günah deyildir. Alış-veriş etdiyiniz vaxt şahid tutun! Katibə və şahidə də zərər yetirilməsin! Əgər (belə) etsəniz, şübhəsiz, bu sizin üçün günahdır. Allahdan çəkinin! Allah sizə öyrədir. Allah hər şeyi biləndir!
(Bəqərə surəsi, 282)
Möminlər, möminləri qoyub inkar edənləri dost tutmasınlar! Kim bunu edərsə, Allah yanında onun heç bir dəyəri qalmaz. Ancaq onlardan gələcək bir təhlükədən çəkinməniz istisnadır. Allah sizi Özündən (əzabından) çəkindirir. Axır dönüş Allahadır.
(Ali İmran surəsi, 28)
Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu elçi və (ona) iman edənlərdir. Allah möminlərin dostudur.
(Ali İmran surəsi, 68)
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması şərtilə sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə icazəsi), sizdən zinaya düşməkdən qorxan kimsələr üçündür. Səbir etməyiniz isə sizin üçün daha xeyirlidir. Allah bağışlayandır, mərhəmətlidir.
(Nisa surəsi, 25)
Allah sizin düşmənlərinizi çox yaxşı tanıyır. Dost olaraq da, yardımçı olaraq da Allah kifayətdir.
(Nisa surəsi, 45)
Sizə nə olub ki, Allah yolunda və “Ey Rəbbimiz! Əhalisi zalım olan bu şəhərdən bizi çıxart, bizə Öz tərəfindən bir (himayəçi) dost və bir yardımçı göndər!” - deyən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz?
(Nisa surəsi, 75)
Onlar sizin də özləri kimi inkar edən olmağınızı istədilər ki, beləcə (onlarla) eyni olasınız. Ona görə də Allah yolunda hicrət edənə qədər onlardan (heç birini) özünüzə dost tutmayın! Əgər üz çevirsələr, onları yaxalayın və harada görsəniz öldürün! Onlardan özünüzə nə dost, nə də köməkçi tutun!
(Nisa surəsi, 89)
Nə sizin xülyalarınız, nə də kitab əhlinin xülyaları (həqiqət) deyildir. Kim pis bir iş görərsə, ona görə cəzalandırılar və Allahdan başqa özünə nə bir dost, nə də bir köməkçi tapa bilər.
(Nisa surəsi, 123)
Ey iman edənlər, möminləri qoyub inkar edənləri dost tutmayın! (Bunu edərək) öz əleyhinizə, Allaha açıq bir dəlilmi vermək istəyirsiniz?
(Nisa surəsi, 144)
De: “Göyləri və yeri yaradan, (yaratdıqlarını) bəslədiyi halda Özü bəslənməyən Allahdan başqasınımı özümə dost tutacağam?!” De: “Mənə ilk müsəlman olmağım əmr edildi və: “Əsla müşriklərdən olma!” (- deyə buyuruldu)”.
(Ənam surəsi, 14)
Rəbbinin hüzuruna toplanacaqlarından qorxanları onunla (Quranla) xəbərdar et! Onların Allahdan başqa nə bir himayədarı, nə də bir şəfaətçisi vardır. Bəlkə, onlar (pis əməllərdən) çəkinələr.
(Ənam surəsi, 51)
Dinlərini oyun-əyləncəyə çevirən və dünya həyatının aldatdığı kimsələri boşla getsin! Qazandıqlarına görə heç kimin fəlakətə düçar olmaması üçün onunla (Quranla) nəsihət ver! Onların Allahdan başqa heç bir dostu və şəfaətçisi yoxdur. Hər şeyi fidyə olaraq versə belə, yenə bu onlardan qəbul olunmaz. Onlar qazandıqlarına görə fəlakətə düçar olan kimsələrdir. İnkar etmələri səbəbilə onlar üçün qaynar sudan ibarət içki və şiddətli bir əzab vardır.
(Ənam surəsi, 70)
Onlar üçün Rəbbinin yanında əminlik yurdu (cənnət) vardır. Etdikləri (gözəl) əməllərə görə Allah onların dostudur.
(Ənam surəsi, 127)
Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun və Allahı qoyub özünüzə başqa dostlar tutmayın! Nə qədər də az öyüd-nəsihət alırsınız.
(Əraf surəsi, 3)
O, (insanların) bir qismini doğru yola yönəltdi, bir qismi isə zəlalətə layiq oldu. Çünki onlar Allahı qoyub şeytanları özlərinə dost tutmuşdular. Onlar özlərinin doğru yolda olduğunu zənn edirlər.
(Əraf surəsi, 30)
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi: “Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən.
(Əraf surəsi, 155)
Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır. O, saleh əməl sahiblərini himayə edər.
(Əraf surəsi, 196)
Şübhəsiz ki, iman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman etdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması şərtilə onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür.
(Ənfal surəsi, 72)
İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz bunu yerinə yetirməsəniz (bir-birinizə kömək edib dost olmasanız), yer üzündə böyük bir fitnə-fəsad olar.
(Ənfal surəsi, 73)
Ey iman edənlər! Əgər valideyniniz və bacı-qardaşlarınız iman etmək əvəzinə küfrü seçərlərsə, onları dost tutmayın (onlarla yaxınlıq etməyin)! Sizdən kim onları dost tutarsa, onlar əsil zalımlardır.
(Tövbə surəsi, 23)
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 71)
Həqiqətən, göylərin və yerin hakimiyyəti Allaha məxsusdur. O dirildər və öldürər. Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır.
(Tövbə surəsi, 116)
Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər.
(Yunis surəsi, 62)
Onlar yer üzündə Allahı aciz qoya bilməzlər. Onların Allahdan başqa (yardım istəyəcəkləri) dostları da yoxdur. Onlara ikiqat əzab veriləcəkdir. Onlar (haqqı) eşidə bilmir və görmürdülər.
(Hud surəsi, 20)
Zalımlara meyil etməyin, yoxsa sizə də od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Əks təqdirdə, (əzabdan xilas olmağınız üçün) sizə yardım edilməz.
(Hud surəsi, 113)
Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
(Yusif surəsi, 101)
Onun (insanın) önündə və arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar (həfəzə mələkləri) vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur.
(Rad surəsi, 11)
De: “Göylərin və yerin Rəbbi kimdir?” De ki: “Allahdır!” De: “Elə isə, Onu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənləri (bütləri) dost tutdunuz?!” De: “Heç kor ilə görən eyni olarmı? Yaxud qaranlıq ilə aydınlıq eyni olarmı? Yoxsa Allaha, Onun kimi yarada bilən şəriklər qoşdular və onların nəzərində bu yaratma bir-birinə oxşarmı göründü?!” De: “Allah hər şeyin xaliqidir. O birdir, hər şeyə gücü yetəndir”.
(Rad surəsi, 16)
Allaha and olsun ki, səndən əvvəlki ümmətlərə də elçilər göndərdik. Ancaq şeytan onlara (o ümmətlərə) öz əməllərini gözəl göstərdi. Ona görə də şeytan bu gün onların dostudur. Onlar üçün ağrılı-acılı bir əzab vardır.
(Nəhl surəsi, 63)
Onun (şeytanın) hökmranlığı yalnız onu dost tutanların və Allaha şərik qoşanların üzərindədir.
(Nəhl surəsi, 100)
Allahın haram etdiyi bir cana haqsız yerə qəsd etməyin! Kim haqsız yerə öldürülərsə, onun yiyəsinə (söz haqqı) ixtiyarı verdik. Ancaq o, həddi aşmasın! Çünki ona (bu ixtiyar verilməklə) kömək edilmişdir.
(İsra surəsi, 33)
Allah kimə hidayət verərsə, o doğru yoldadır, kimi də (haqq yoldan) azdırarsa, onlar üçün Allahdan başqa dostlar tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə bir yerə yığacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Alov azaldıqca onların alovunu artıracağıq.
(İsra surəsi, 97)
Günəşin doğarkən onların mağarasının sağ tərəfinə meyil etdiyini, batarkən də onlara dəymədən sol tərəfə keçdiyini görərdin. Onlar isə orada geniş bir yerdə yatırdılar. Bu, Allahın möcüzələrindəndir. Allah kimi hidayətə yönəldərsə, o, doğru yoldadır, kimi haqq yoldan azdırarsa, artıq ona doğru yolu göstərən bir dost tapa bilməzsən!
(Kəhf surəsi, 17)
De: “Onların nə qədər qaldıqlarını ən yaxşı Allah bilir. Göylərin və yerin qeybi Ona aiddir. O necə də gözəl görür, necə də yaxşı eşidir! Onların Allahdan başqa heç bir himayədarı yoxdur. O, Öz hökmünə heç kimi ortaq etməz”.
(Kəhf surəsi, 26)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
İnkar edənlər Məni qoyub bəndələrimi özlərinə himayəçi tutacaqlarınımı zənn etdilər? Biz cəhənnəmi inkar edənlər üçün məskən olaraq hazırladıq.
(Kəhf surəsi, 102)
Atacan! Rəhmandan sənə bir əzab toxunmasından və beləcə, şeytanın dostu olmağından qorxuram”.
(Məryəm surəsi, 45)
Şeytan barəsində hökm verilmişdir ki, kim onunla yoldaşlıq edərsə, həqiqətən, şeytan onu azdırar və cəhənnəm əzabına sürükləyər.
(Həcc surəsi, 4)
Onlar: “Sən pak və müqəddəssən! Səndən başqa dostlar qəbul etmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər nemət verdin ki, hətta (Səni) anmağı belə unutdular və məhv ediləsi bir qövm oldular”, - deyəcəklər.
(Furqan surəsi, 18)
Onlar öz aralarında Allaha and içərək belə dedilər: “Gecə ona (Salehə) və ailəsinə hücum edək (hamısını öldürək), sonra da vəlisinə: “Onun ailəsinin öldürüldüyü əsnada biz orada olmamışıq. Həqiqətən, biz doğru deyirik”, - deyək.
(Nəml surəsi, 49)
Nə yerdə, nə də göydə siz (Allahı) aciz qoya bilməzsiniz! Allahdan başqa sizin nə bir dostunuz, nə də bir yardımçınız vardır”.
(Ənkəbut surəsi, 22)
Allahdan başqasını özlərinə dost tutanların halı özünə yuva qurmuş hörümçəyin halına bənzəyir. Şübhəsiz ki, yuvaların ən zəifi hörümçək yuvasıdır. Kaş bunu biləydilər.
(Ənkəbut surəsi, 41)
De: “Əgər Allah sizə pislik etmək istəsə, sizi Ondan kim qoruya bilər, yaxud O sizə mərhəmət etmək istəsə, (buna kim mane ola bilər)?” Onlar özləri üçün Allahdan başqa nə bir dost, nə də bir yardımçı tapa bilərlər.
(Əhzab surəsi, 17)
Onlar orada əbədi qalacaq və özlərinə nə bir dost, nə də bir yardımçı tapa biləcəklər.
(Əhzab surəsi, 65)
Mələklər: “Sən pak və müqəddəssən! Bizim dostumuz onlar deyil, Sənsən! Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu cinlərə iman etmişdi”, - deyəcəklər.
(Səba surəsi, 41)
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, - deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz.
(Zumər surəsi, 3)
Biz həm dünyada, həm də axirətdə sizin dostlarınızıq. Orada sizin üçün ürəyinizin istədiyi hər şey vardır. İstədiyiniz hər şey orada hazırlanmışdır,
(Fussilət surəsi, 31)
Allahdan başqasını özlərinə dost tutanları O, daim izləyir. Sən onların vəkili deyilsən.
(Şura surəsi, 6)
Əgər Allah istəsəydi, onları yalnız bir ümmət (millət) edərdi. Ancaq O, istədiyi kimsəyə Öz mərhəmətini bəxş edər. Zalımların isə nə bir dostu, nə də bir köməkçisi olacaq.
(Şura surəsi, 8)
Yoxsa onlar özlərinə Allahdan başqalarınımı himayədar götürdülər?! Halbuki əsil himayədar Allahdır. Ölüləri də O dirildir. O, hər şeyə qadirdir.
(Şura surəsi, 9)
Onlar ümidsizliyə düşdükdən sonra yağışı endirən və Öz rəhmətini (yer üzünə) yayan da Odur. O, həqiqi dostdur, hər cür tərifə layiqdir.
(Şura surəsi, 28)
Siz yer üzündə (Allahın əzabına) mane ola bilməzsiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız vardır.
(Şura surəsi, 31)
Allah kimi haqq yoldan azdırarsa, bundan sonra onun heç bir himayədarı olmaz. Əzabı gördükləri zaman zalımların: “Geri dönmək üçün bir yol varmı?” – dediklərini görərsən.
(Şura surəsi, 44)
Onların Allahdan başqa yardım edəcək dostları da yoxdur. Allah kimi haqq yoldan azdırarsa, onun üçün heç bir çıxış yolu olmaz.
(Şura surəsi, 46)
Onlar cəhənnəmlə qarşılaşacaqlar. Nə qazandıqları, nə də Allahdan başqa dost tutduqları (bütlər) onlara bir fayda verəcək. Onları böyük bir əzab gözləyir.
(Casiyə surəsi, 10)
Şübhəsiz ki, onlar səni Allahdan (Onun əzabından) heç cür qoruya bilməzlər. Həqiqətən, zalımlar bir-birinin dostudurlar. Allah isə müttəqilərin dostudur.
(Casiyə surəsi, 19)
Kim Allahın dəvətçisini qəbul etməzsə, o, yer üzündə (Allahdan qaçaraq Onu) aciz qoya bilməz. Onun Allahdan başqa himayədarları da olmaz. Onlar açıq-aşkar bir azğınlıq içindədirlər”.
(Əhqaf surəsi, 32)
Çünki Allah iman edənlərin himayədarıdır. İnkar edənlərin isə heç bir himayədarı yoxdur.
(Məhəmməd surəsi, 11)
Əgər inkar edənlər sizinlə döyüşsəydilər, arxalarını çevirib qaçacaqdılar. Sonra onlar nə bir dost, nə də bir yardımçı tapa biləcəkdilər.
(Fəth surəsi, 22)
Bu gün nə sizdən, nə də inkar edənlərdən fidyə qəbul olunar. Sizin sığınacağınız yer cəhənnəmdir. Sizə layiq olan odur. O nə pis bir dönüş yeridir!”
(Hədid surəsi, 15)
Allahın qəzəbinə gəlmiş bir qövmü özlərinə dost tutanları görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər.
(Mücadilə surəsi, 14)
Ey iman edənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman etdiyinizə görə elçini və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.
(Mumtəhənə surəsi, 1)
Ey iman edənlər! Allahın qəzəbinə gəlmiş kəsləri özünüzə dost tutmayın! Onlar inkar edənlərin ölülərdən ümidlərini üzdükləri kimi axirətdən ümidlərini üzmüşlər.
(Mumtəhənə surəsi, 13)
De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir və doğru deyirsinizsə, onda ölümü istəyin!”
(Cümə surəsi, 6
)