Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Gecənin qaranlığı onu bürüdüyü zaman o, bir ulduz gördü və dedi: “Bu mənim Rəbbimdir!” Ancaq (ulduz) batdığı zaman: “Mən batanları sevmirəm”. – dedi.
(Ənam surəsi, 76)
Gecə vaxtı quruda və dənizdə düz yolu gedə biləsiniz deyə, sizin üçün ulduzları yaradan da Odur. Bilən bir qövm üçün ayələri ətraflı şəkildə açıqladıq.
(Ənam surəsi, 97)
Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşə istiva edən, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyən, günəşi, ayı və ulduzları Öz əmrinə boyun əymiş bir halda yaradan Allahdır. Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır!
(Əraf surəsi, 54)
Bir zaman Yusif atasına belə demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəşi və ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”.
(Yusif surəsi, 4)
O, gecəni, gündüzü, günəşi və ayı sizin xidmətinizə verdi. Ulduzlar da Onun əmri ilə ram edilmişdir. Həqiqətən, bunda düşünən insanlar üçün dəlillər vardır.
(Nəhl surəsi, 12)
(Başqa) nişanələr də (yaratdı). Onlar ulduzlarla da yollarını taparlar.
(Nəhl surəsi, 16)
Allah qiyamət günü möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında mütləq Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Həcc surəsi, 17)
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
Allah göylərin və yerin nurudur! Onun nuru, içində çıraq olan bir çıraqdana bənzəyir. O çıraq bir qəndilin içindədir. Qəndil isə, sanki parlaq bir ulduzdur ki, nə şərqdə, nə də qərbdə olan mübarək bir zeytun ağacından (çıxan yağdan) yandırılır. Onun yağı alov toxunmasa belə az qalır ki, işıq saçsın. O, nur üstünə nurdur. Allah dilədiyi kimsəni nuruna qovuşdurar. Allah insanlar üçün belə misallar çəkir. Allah hər şeyi biləndir.
(Nur surəsi, 35)
Şübhəsiz ki, Biz ən yaxın göyü ulduzlarla bəzədik.
(Saffat surəsi, 6)
Bu vaxt İbrahim ulduzlara nəzər etdi.
(Saffat surəsi, 88)
Gecənin bir vaxtında və ulduzlar batandan sonra da Onu təsbeh et!
(Tur surəsi, 49)
Batmaqda olan ulduza and olsun ki,
(Nəcm surəsi, 1)
Xeyr, ulduzların mövqelərinə and olsun.
(Vaqiə surəsi, 75)