Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Bir zaman müharibədə möminləri mövqelərinə yerləşdirmək üçün sübh çağı ailəndən ayrılmışdın. Allah hər şeyi eşidəndir, biləndir.
(Ali İmran surəsi, 121)
O zaman sizdən iki dəstə ümidsizliyə düşərək dağılışmaq fikrinə düşmüşdülər. Halbuki, Allah onların yardımçısı idi. Möminlər (yalnız) Allaha təvəkkül etsinlər.
(Ali İmran surəsi, 122)
Əgər siz (Ühüd döyüşündə) bir yara almışsınızsa, o biri (inkar edən olan) dəstə də (Bədr döyüşündə) buna bənzər bir yara almışdı. Bu günləri insanlar arasında növbə ilə dəyişdiririk (bəzən bu dəstəyə, bəzən də o biri dəstəyə zəfər nəsib edirik) ki, Allah iman edənləri (digərlərindən) ayırd etsin və içərinizdən şahidlər tutsun. Allah zülm edənləri sevməz.
(Ali İmran surəsi, 140)
Bu həm də Allahın iman edənləri (günahlarından) təmizləməsi və inkar edənləri məhv etməsi üçündür.
(Ali İmran surəsi, 141)
Yoxsa Allah sizdən cihad edənləri və (çətinliklərə) səbir edənləri bilib ayırd etmədən cənnətə girəcəyinizimi zənn edirsiniz?!
(Ali İmran surəsi, 142)
Həqiqətən, siz ölümlə qarşılaşmadan əvvəl onu arzulayırdınız. Artıq onu əyani şəkildə gördünüz.
(Ali İmran surəsi, 143)
Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır.
(Ali İmran surəsi, 144)
Həqiqətən, şeytan iki ordu qarşılaşdığı gün sizi qoyub gedənləri, qazandıqları bəzi şeylərə (xətalarına) görə azdırmaq istəmişdi. Allah onları bağışlamışdır. Həqiqətən, Allah bağışlayandır, həlimdir.
(Ali İmran surəsi, 155)
Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, (bilin ki,) şübhəsiz, Allahın bağışlaması və rəhməti onların (dünyada) yığdıqları (bütün) şeylərdən daha xeyirlidir.
(Ali İmran surəsi, 157)
İkiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman: “Bu haradan (gəldi)?” - dediniz. De: “O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir.
(Ali İmran surəsi, 165)
İki ordunun üz-üzə gəldiyi gün sizin başınıza gələn fəlakət də yalnız Allahın izni ilə oldu ki, möminləri ayırd etsin
(Ali İmran surəsi, 166)
(Evlərində) oturub qardaşları barəsində: “Əgər bizə tabe olsaydılar, öldürülməzdilər”, - deyənlərə de ki: “Onda, əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın!”
(Ali İmran surəsi, 168
)