Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Beləliklə, sizi insanlara şahid olasınız və elçi də sizə şahid olsun deyə orta (mötədil) bir ümmət etdik. Sənin yönəldiyin qibləni (Kəbəni) yalnız ona görə təyin etdik ki, elçiyə tabe olanlarla ondan üz çevirənləri bir-birindən ayıraq. Bu, Allahın doğru yola yönəltdiyi kimsələrdən başqasına ağır gələr. Allah sizin imanınızı əsla puça çıxartmaz. Şübhəsiz ki, Allah insanlara qarşı şəfqətlidir, mərhəmətlidir.
(Bəqərə surəsi, 143)
Məhəmməd ancaq bir elçidir. Ondan əvvəl də elçilər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır.
(Ali İmran surəsi, 144)
Ey iman edənlər! Əgər inkar edənlərə itaət etsəniz, sizi geri (öz dinlərinə) döndərərlər və siz də ziyana uğramış halda geri qayıdarsınız.
(Ali İmran surəsi, 149)
Ey iman edənlər! Namaza duracağınız zaman üzlərinizi, dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və ayaqlarınıza da. Əgər cünub olmusunuzsa, yaxşı-yaxşı təmizlənin. Xəstə və ya səfərdə olsanız, yaxud sizdən biri ayaq yolundan gəlsə və ya qadınlara toxunsanız (cinsi əlaqədə olsanız və) su tapmasanız, təmiz torpaqla təyəmmüm edərək (torpağı) üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəmir. Lakin sizi tər-təmiz etmək və sizə olan nemətini tamamlamaq istəyir ki, bəlkə siz şükür edəsiniz.
(Maidə surəsi, 6)
De: “Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilən şeylərəmi dua edək?! Allah bizi doğru yola yönəltdikdən sonra yer üzündə şaşqın bir halda dolaşarkən şeytanların azdırdığı kəs kimi geriyəmi döndəriləcəyik? (Şeytanın azdırdığı) o kimsənin “Bizə gəl!” - deyərək haqq yola çağıran dostları var”. De: “Əsil doğru yol Allahın yoludur. Bizə aləmlərin Rəbbinə təslim olmağımız əmr edilmişdir”.
(Ənam surəsi, 71)
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki: “Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki: “Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”
(Ənfal surəsi, 48)
Ayələrim sizə oxunurdu, lakin siz arxa çevirirdiniz.
(Muminun surəsi, 66
)