Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Elçiləri onlara dedi: “Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər: “O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (elçi) dedi: “Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”
(Bəqərə surəsi, 247)
Elçiləri onlara belə dedi: “Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”.
(Bəqərə surəsi, 248)
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər: “Sayca az olan neçə-neçə dəstələr Allahın izni ilə sayca çox olan neçə-neçə dəstələrə qalib gəlmişdir. Allah səbir edənlərlədir!”
(Bəqərə surəsi, 249)
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman: “Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və inkar edən qövmə qarşı bizə yardım et!” - dedilər.
(Bəqərə surəsi, 250)
Beləcə, Allahın izni ilə onları məğlub etdilər. Davud da Calutu öldürdü. Allah Davuda hökmranlıq və hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, yer üzü fitnə-fəsada məruz qalardı. Lakin Allah aləmlərə (insanlara) qarşı lütfkardır.
(Bəqərə surəsi, 251
)