Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik.
(Bəqərə surəsi, 125)
O zaman İbrahim demişdi: “Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “İnkar edənləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
(Bəqərə surəsi, 126)
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196)
Əgər (hər hansı bir təhlükədən) qorxsanız, piyada gedə-gedə və ya minik üstündə (Allahı) yada salın! Təhlükə sovuşduqda isə Allahı bilmədiklərinizi sizə öyrətdiyi kimi zikr edin!
(Bəqərə surəsi, 239)
Orada açıq-aydın nişanələr və İbrahimin məqamı vardır. Kim ora daxil olarsa, əmin-amanlıqda olar. Ora getməyə gücü çatanların o evə həcc ziyarəti etməsi, insanların Allah qarşısındakı borcudur. Kim (bu borcu) inkar edərsə, (bilsin ki,) həqiqətən, Allah aləmlərə (insanlara) möhtac deyildir.
(Ali İmran surəsi, 97)
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər: “qərarda bizim rolumuz vardımı?” De: “Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər: “Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De: “Evlərinizdə olsaydınız belə, (alınlarına) ölüm yazılmış kimsələr (öldürülüb) düşəcəkləri yerlərə gedərdilər. Allah sizin qəlbinizdə olanları yoxlamaq və qəlbinizdəkini (niyyətlərinizi) təmizləmək (üçün belə etdi). Allah qəlbdəkini biləndir!”
(Ali İmran surəsi, 154)
Həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyən başqalarını görəcəksiniz. Onlar nə vaxt fitnə-fəsad törətməyə sövq edilsələr, başıaşağı ora atılarlar. Əgər sizi tərk edib getməz, sizə sülh təklif etməz və (sizdən) əllərini çəkməzlərsə, onda onlara harada rast gəlsəniz, tutub öldürün! Onlara qarşı sizə açıq bir səlahiyyət verdik.
(Nisa surəsi, 91)
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam şəkildə) qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir.
(Nisa surəsi, 103)
Siz (Allahın) heç bir dəlil nazil etmədiyi şeyləri (bütləri) Allaha şərik qoşmaqdan qorxmazkən, nə üçün sizin şərk qoşduqlarınızdan qorxum?! Əgər bilirsinizsə, (deyin görək, bu) iki qrupdan hansı əmin-amanlıqda olmağa daha layiqdir?
(Ənam surəsi, 81)
İman edib imanlarına heç bir zülm (şirk) qatmayanlar üçün əminlik vardır və onlar haqq yoldadırlar.
(Ənam surəsi, 82)
Əgər müşriklərdən biri səndən aman diləyərsə, Allahın kəlamını dinləyənə qədər ona aman ver. Sonra (iman etməzsə,) onu əminlikdə olacağı yerə çatdır. Bu ona görədir ki, onlar bilməyən bir qövmdür.
(Tövbə surəsi, 6)
Sonra Allah elçiyə və möminlərə sükunət (rahatlıq və arxayınlıq) verdi. O, sizin görmədiyiniz əsgərlər (mələklər) endirdi və inkar edənlərə əzab verdi. İnkar edənlərin cəzası budur!
(Tövbə surəsi, 26)
Əgər siz ona (elçiyə) yardım etməsəniz, (bilin ki,) inkar edənlər ikinin ikincisini çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna: “Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və inkar edənlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir.
(Tövbə surəsi, 40)
(Yaqub və ailəsi Misirə gedib) Yusifin hüzuruna daxil olduqları zaman o, ata-anasını qucaqladı və belə dedi: “Allahın diləməsi ilə əmin-amalıq içində Misirə daxil olun!”
(Yusif surəsi, 99)
Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu şəhəri (Məkkəni) təhlükəsiz bir yer et! Məni və övladlarımı da bütlərə ibadət etməkdən uzaq tut!
(İbrahim surəsi, 35)
(Onlara belə deyiləcək:) “Sağ-salamat və əmin bir şəkildə ora daxil olun!”
(Hicr surəsi, 46)
Onlar əmin-amanlıqda olmaq üçün dağları yonub evlər düzəldirdilər.
(Hicr surəsi, 82)
Allah evlərinizi sizin üçün bir hüzur yeri etdi və heyvanların dərilərindən sizin üçün köç vaxtı və bir yerdə qaldığınız zaman rahatlıqla daşıya biləcəyiniz evlər, yunundan, tükündən və qılından da müəyyən bir vaxta qədər (istifadə edəcəyiniz) ev əşyası və ticarət malı meydana gətirdi.
(Nəhl surəsi, 80)
Allah (əhalisi) əmin-amanlıq içində olan və ruzisi hər yerdən bol-bol gələn bir şəhəri (Məkkəni) misal çəkir. Ancaq (oranın əhalisi) Allahın nemətlərini inkar etdi. Allah da onlara, etdikləri əməllərə görə aclıq və qorxu sıxıntısını daddırdı.
(Nəhl surəsi, 112)
Allah sizlərdən iman edib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir.
(Nur surəsi, 55)
Burada əmin-amanlıqda qalacaqsınız?
(Şuəra surəsi, 146)
Biz onların (Səbə qövmünün) və bərəkət verdiyimiz məmləkətlərin arasında açıq-aşkar görünən qəsəbələr inşa etdik, aralarındakı gediş-gəlişi də asanlaşdırdıq. (Onlara belə dedik:) “Gecə-gündüz orada arxayın gəzib dolaşın!”
(Səba surəsi, 18)
Sizi bizə yaxınlaşdıran nə malınızdır, nə də övladlarınız. İman edib yaxşı işlər görənlər isə bundan istisnadır. Onlar üçün etdikləri əməllərin qat-qat çoxu vardır. Onlar (cənnətdəki) otaqlarda əmin-amanlıq içində olacaqlar.
(Səba surəsi, 37)
Şübhəsiz ki, müttəqilər əmin-amanlıqda olacaqlar.
(Duxan surəsi, 51)
Onlar orada əmin-amanlıq içində hər cür meyvədən gətizdirəcəklər.
(Duxan surəsi, 55)
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlbinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir.
(Fəth surəsi, 4)
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
(Fəth surəsi, 18)
İnkar edənlər öz qəlbinə təkəbbürü - cahiliyyə təkəbbürünü yerləşdirdikləri zaman Allah elçisinə və möminlərə mənəvi rahatlıq verdi və onlara təqva kəlməsini (kəlmeyi-tövhidi) vacib etdi. Bu, ən çox onların haqqı idi və onlar buna layiq idilər. Allah hər şeyi biləndir.
(Fəth surəsi, 26)
Şübhəsiz ki, Allah elçisinin röyasını həqiqətə çevirdi. Siz inşaAllah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi.
(Fəth surəsi, 27)
O Rəbb ki, onlara aclıqdan sonra yemək, qorxudan sonra əmin-amanlıq verdi.
(Qureyş surəsi, 4
)