Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (qisas ala bilər). Kim (öldürülənin) qardaşı (varisi) tərəfindən hər hansı bir şəkildə bağışlanarsa, adətə görə rəftar etməli və ona xoşluqla qanbahası verməlidir. Bu, Rəbbinizdən bir asanlıq və mərhəmətdir. Bundan sonra kim həddi aşarsa, onun üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 178)
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız, (mehrdən) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır.
(Bəqərə surəsi, 229)
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Bellərində və ya bağırsaqlarında daşıdıqları, yaxud sümüklərinə qarışan istisna olmaqla, inək və qoyunun piylərini də onlara haram etdik. Həddi aşdıqlarına görə onları belə cəzalandırdıq. Şübhəsiz ki, Biz doğru söyləyirik.
(Ənam surəsi, 146)
Davud dedi: “Şübhəsiz ki, o, sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə haqsızlıq etmişdir. Həqiqətən, şəriklərin bir çoxu bir-birinə haqsızlıq edir. Ancaq iman edib yaxşı işlər görənlər bundan istisnadır. Onlar da çox azdırlar”. Davud Bizim onu sınağa çəkdiyimizi düşündü. Buna görə də dərhal səcdəyə qapanaraq Rəbbindən bağışlanmasını dilədi və tövbə etdi.
(Sad surəsi, 24)
Onlar yalnız özlərinə elm gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ayrılığa düşdülər. Əgər daha əvvəl Rəbbin tərəfindən müəyyən bir vaxta qədər (əzabın təxirə salınmasına dair) verilmiş bir söz olmasaydı, əlbəttə, onlar barəsində hökm verilərdi. Heç şübhəsiz, onlardan sonra kitaba varis olanlar (yəhudi və xristianlar) da onun barəsində dərin bir şübhə içindədirlər.
(Şura surəsi, 14)
Onlar zülmə məruz qaldıqları zaman (haqsızlığa yol vermədən) qisas alarlar.
(Şura surəsi, 39)
Ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər cəzalandırılarlar. Onlar üçün acı bir əzab vardır.
(Şura surəsi, 42)
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
(Casiyə surəsi, 17)
Əgər iki mömin dəstə bir-biri ilə vuruşarsa, dərhal onları barışdırın! Əgər onlardan biri digərinə hücum edərsə, (həmin dəstə) Allahın əmrinə qayıdana qədər hücum edən dəstə ilə vuruşun! Əgər (o dəstə Allahın əmrinə) qayıdarsa, onları ədalətlə barışdırın və (hər bir işdə) ədalətli olun! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Hucurat surəsi, 9
)