Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman edənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər.
(Bəqərə surəsi, 165)
Yaxşı əməl üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və elçilərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu yaxınlara, yetimlər, yoxsullar, yolda qalanlar, istəyənlər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, xəstəlikdə, darlıqda, çətinlikdə, eləcə də cihad vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir.
(Bəqərə surəsi, 177)
İman edənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman edənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər.
(Maidə surəsi, 82)
O zaman (Yusifin qardaşları) belə demişdilər: “Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir.
(Yusif surəsi, 8)
Şəhərdəki bəzi qadınlar belə dedilər: “Vəzirin zövcəsi öz cavan köləsini tovlayıb yoldan çıxartmaq istəyir. Yusifin məhəbbəti onu dəli-divanə etmişdir. Həqiqətən, biz onu açıq-aşkar bir sapqınlıq içində görürük”.
(Yusif surəsi, 30)
Biz də öz qatımızdan ona sevgi və təmizlik hissi verdik. O, çox təqvalı idi.
(Məryəm surəsi, 13)
Şübhəsiz, Rəhman (olan Allah) iman edib yaxşı işlər görənlərin qəlbində bir-birinə qarşı sevgi yaradacaqdır.
(Məryəm surəsi, 96)
“Onu (Musanı) bir sandığa qoyub suya burax ki, su onu sahilə çıxartsın, beləliklə Mənim və onun düşməni olan (Firon) onu götürsün. (Ey Musa!) gözümün qabağında boya-başa çatasan deyə sənə Özümdən bir sevgi yönəltdim.”
(Taha surəsi, 39)
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”.
(Ənkəbut surəsi, 25)
Ünsiyyət edəsiniz deyə sizin üçün öz nəfsinizdən zövcə xəlq edib aranızda sevgi və mərhəmət yaratması da Onun dəlillərindəndir. Şübhəsiz ki, bunda düşünən qövm üçün ibrətlər vardır.
(Rum surəsi, 21)
Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər.
(Sad surəsi, 32)
Allah iman edib yaxşı işlər görən bəndələrini belə müjdələyir. De: “Mən sizdən bunun müqabilində sevgidən başqa heç bir mükafat istəmirəm”. Kim bir nemət qazanarsa, Biz onun yaxşılığını artırırıq. Həqiqətən, Allah bağışlayandır, şükür edənlərə qarşılığını verəndir.
(Şura surəsi, 23)
Allaha və axirət gününə inananların - valideynləri, övladları, bacı-qardaşları, yaxud yaxın qohumları olsa belə - Allaha və elçisinə düşmən olanlarla dostluq etdiklərini görə bilməzsən. Allah onların qəlbinə iman yazmış və Öz dərgahındakı bir ruh (nur, yaxud Quran) ilə onları dəstəkləmişdir. Allah onları (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Allah onlardan razı olmuş, onlar da Allahdan razı qalmışlar. Onlar Allahın tərəfdarlarıdır. Bilin ki, əsil nicat tapanlar Allahın tərəfdarlarıdır.
(Mücadilə surəsi, 22)
Ey iman edənlər! Mənim düşmənimi də, öz düşməninizi də dost tutmayın! Siz onlara sevgi ilə yanaşırsınız. Halbuki onlar sizə gələn haqqı inkar edib Rəbbiniz olan Allaha iman etdiyinizə görə elçini və sizi yurdunuzdan çıxartdılar. Mənim yolumda və rizamı istəyərək cihada çıxdığınız halda ürəyinizdə onlara qarşı sevgi bəsləyirsiniz?! Mən sizin gizli saxladıqlarınızı da, aşkar etdiklərinizi də yaxşı bilirəm. Sizdən kim bunu edərsə, o, doğru yoldan azmış olar.
(Mumtəhənə surəsi, 1)
Ola bilsin ki, Allah sizinlə düşmənləriniz arasında bir sevgi (dostluq) yaratsın. Allah hər şeyə qadirdir. Allah bağışlayandır, rəhmlidir.
(Mumtəhənə surəsi, 7)
De: “Ey yəhudilər! Əgər digər insanlar yox, məhz sizin Allahın dostları olduğunuzu iddia edir və doğru deyirsinizsə, onda ölümü istəyin!”
(Cümə surəsi, 6)
Onlar öz nəfsi çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.
(İnsan surəsi, 8)
Həqiqətən, o, var-dövləti çox sevir.
(Adiyat surəsi, 8
)