Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizə salam verilən zaman, siz ondan daha gözəl bir şəkildə və ya eynisi ilə salama cavab verin! Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını çəkəndir.
(Nisa surəsi, 86)
Ey iman edənlər! Allah yolunda cihada çıxdığınız zaman yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq: “Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır.
(Nisa surəsi, 94)
Ayələrimizə iman edənlər sənin yanına gəldikləri zaman (onlara) de: “Sizə salam olsun! Rəbbiniz mərhəmətli olmağı Özünə vacib etdi. Odur ki, sizlərdən hər kim bilməyərək pis bir iş görərsə, sonra onun arxasınca tövbə edib özünü islah edərsə, bilsin ki, Allah bağışlayandır, rəhmlidir”.
(Ənam surəsi, 54)
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə: “Sizə salam olsun!” - deyə səslənərlər.
(Əraf surəsi, 46)
Onların oradakı duası: “Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları: “Salam!”, dualarının sonu isə: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir.
(Yunis surəsi, 10)
(Allah tərəfindən) deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Dünyada dolanışıq verəcəyimiz, sonra da tərəfimizdən şiddətli bir əzabın toxunacağı ümmətlər də olacaqdır”.
(Hud surəsi, 48)
Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirib: “Salam!” - demişdilər. O da: “Salam!” - demiş və çox keçmədən (onlar üçün) qızardılmış bir buzov gətirmişdi.
(Hud surəsi, 69)
“Səbir etdiyinizə görə sizə salam olsun! (Dünya) yurdunun aqibəti nə gözəldir!”
(Rad surəsi, 24)
İman edib yaxşı işlər görənlər isə Rəbbinin izni ilə, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil ediləcəklər. Onlar orada bir-birləri ilə: “Salam!” – deyərək görüşəcəklər.
(İbrahim surəsi, 23)
Bir zaman (mələklər) onun hüzuruna daxil olub: “Salam!” - dedilər. (İbrahim isə:) “Biz, həqiqətən, sizdən qorxuruq!” - dedi.
(Hicr surəsi, 52)
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” - deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir.
(Nəhl surəsi, 32)
Doğulduğu gün, öləcəyi gün və diriləcəyi gün ona salam olsun!
(Məryəm surəsi, 15)
Doğulduğum gün, öləcəyim gün və diriləcəyim gün mənə salam olsun!”
(Məryəm surəsi, 33)
İbrahim dedi: “Sənə salam olsun (salamat qal)! Rəbbimdən sənin üçün məğfirət diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır.
(Məryəm surəsi, 47)
Onlar orada boş sözlər deyil, ancaq “Salam!” eşidərlər. Onların orada səhər-axşam ruziləri də (daim) vardır.
(Məryəm surəsi, 62)
Onun yanına gedib belə deyin: “Biz sənin Rəbbinin elçiləriyik. Ona görə də İsrail oğullarını bizimlə göndər və onlara əziyyət etmə! Biz sənə Rəbbindən bir dəlil gətirmişik. Haqq yola uyanlara salam olsun!
(Taha surəsi, 47)
Ey iman edənlər! Öz evinizdən başqa evlərə icazə almadan və salam vermədən girməyin! Bu sizin üçün daha xeyirlidir. Ola bilsin ki, düşünüb anlayarsınız.
(Nur surəsi, 27)
Kora, çolağa, xəstəyə və sizə öz evlərinizdə, atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları sizdə olan evdə, yaxud dostunuzun evində yemək yeməyiniz günah deyildir. Bir yerdə, yaxud ayrı-ayrı yeməyiniz də günah deyildir. Evlərə daxil olduğunuz zaman Allahdan xeyir-bərəkət diləyərək bir-birinizi salamlayın! Allah ayələri sizə belə açıqlayır ki, bəlkə, düşünüb anlayasınız.
(Nur surəsi, 61)
Rəhmanın (xalis) bəndələri o kəslərdir ki, yer üzündə təvazökarlıqla yeriyər və cahillər onlara söz atdıqları zaman: “Salam!” - deyərlər.
(Furqan surəsi, 63)
Onlar səbir etdiklərinə görə cənnətdə yüksək bir məqam ilə mükafatlandırılacaq və orada hörmət və salamla qarşılanacaqlar.
(Furqan surəsi, 75)
De: “Həmd olsun Allaha! Seçmiş olduğu bəndələrinə da salam olsun! Allah xeyirlidir, yoxsa onların şərik qoşduqları?
(Nəml surəsi, 59)
Onlar boş söz eşitdikləri zaman ondan üz çevirər və: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz sizə aiddir. Sizə salam olsun! Biz cahilləri (özümüzə dost tutmaq) istəmirik”, - deyərlər.
(Qəsas surəsi, 55)
Ona qovuşacaqları gün onlar salamlanaraq qarşılanarlar. Allah onlar üçün gözəl bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 44)
Allah və mələkləri elçiyə dəstək olurlar. Ey iman edənlər! Siz də ona dəstək olun və könüldən bağlanın.
(Əhzab surəsi, 56)
Rəhmli Rəbb tərəfindən (onlara) “salam” deyilər.
(Yasin surəsi, 58)
Aləmlər içində Nuha salam olsun!
(Saffat surəsi, 79)
Rəbbindən qorxanlar isə dəstə-dəstə cənnətə gətiriləcəklər. Nəhayət, onlar ora çatdıqları zaman qapıları açılacaq və gözətçiləri onlara: “Sizə salam olsun! Xoş gəldiniz! Əbədi qalmaq üzrə bura daxil olun!” - deyəcəklər.
(Zumər surəsi, 73)
Elə isə sən “Salam!” deyib onlarla xoş rəftar et! Onlar tezliklə biləcəklər.
(Zuxruf surəsi, 89)
Onlar İbrahimin hüzuruna daxil olub salam verdiklərində o da: “Salam! Siz yad adamlarsınız”, - dedi.
(Zəriyət surəsi, 25)
“Salam! Salam!” sözlərindən başqa.
(Vaqiə surəsi, 26)
(Ona belə deyilər:) “Sağ tərəfdəkilərdən sənə salam olsun!”
(Vaqiə surəsi, 91)
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və elçiyə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və qəlbində: “Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!
(Mücadilə surəsi, 8
)