Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq çıxmışdı. Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (elçinin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır.
(Ali İmran surəsi, 152)
Sonra onlara verdiyimiz sözü yerinə yetirdik. Beləcə, həm onlara, həm də dilədiyimiz kimsələrə nicat verdik. Həddi aşanları (elçiləri yalanlayanları) isə məhv etdik.
(Ənbiya surəsi, 9)
Çünki, Allah doğru olanları doğruluqlarına görə mükafatlandıracaq, münafiqlərə də istəsə əzab verəcək, yaxud da onların tövbələrini qəbul edəcəkdir. Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir.
(Əhzab surəsi, 24)
Şübhəsiz, müsəlman, mömin, itaətkar, doğru sözlü, səbirli, təvazökar, sədəqə verən, oruc tutan, ayıb yerlərini (iffətlərini zinadan) qoruyan, Allahı çox zikr edən kişi və qadınlar üçün Allah bağışlanma və böyük bir mükafat hazırlamışdır.
(Əhzab surəsi, 35)
Cənnətliklər: “Bizə verdiyi vədinə sadiq qalan və bizi cənnətdə məskunlaşdığımız yerin varisi edən Allaha həmd olsun! Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir!” - deyəcəklər.
(Zumər surəsi, 74)
Möminlər o kəslərdir ki, Allaha və elçisinə iman edər, sonra da bundan əsla şübhəyə düşməz və Allah yolunda malları və canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır.
(Hucurat surəsi, 15)
Qənimətlər yurdları və mallarından uzaqlaşdırılan, Allahdan lütf və riza diləyən, Allaha və Onun elçisinə yardım edən yoxsul mühacirlərə məxsusdur. Onlar doğru olan kəslərdir.
(Həşr surəsi, 8
)