Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allahın hüzuruna çıxmağı yalan sayanlar həqiqətən, ziyana uğramışlar. Qiyamət qəflətən onlara gəlib çatdığı zaman (günah) yüklərini bellərində daşıyaraq: “Oradakı (dünyadakı) təqsirlərimizə görə vay halımıza!” – deyəcəklər. Diqqət edin, daşıdıqları (günahlar) necə də pisdir!
(Ənam surəsi, 31)
De: “Əgər doğru danışırsınızsa, deyin görək, sizə Allahın əzabı gələr, yaxud qiyamət sizə gəlib çatarsa, Allahdan başqasınamı yalvaracaqsınız?”
(Ənam surəsi, 40)
Hər bir ümmətin bir əcəli (müddəti) vardır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də irəli keçə bilərlər”.
(Əraf surəsi, 34)
Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. De: “Onun bilgisi yalnız Rəbbimə məxsusdur. Vaxtı çatanda onu ortaya çıxaracaq yalnız Odur. Qiyamətin bilgisi göylərə də, yerə də ağır gəlmişdir. O sizə qəflətən gələcəkdir”. Sanki sən onun haqqında bir şey bilirsənmiş kimi səndən soruşurlar. De: “Onun bilgisi yalnız Allaha məxsusdur. Lakin insanların çoxu bilmir”.
(Əraf surəsi, 187)
Müsəlmanlardan bir qrupun qəlbi əyriliyə meyil etmək üzrə ikən elçinin və çətin vaxtda ona tabe olan mühacirlərlə ənsarın tövbəsini şübhəsiz ki, Allah qəbul etdi. Sonra da onları bağışladı. Həqiqətən, Allah onlara qarşı çox şəfqətli və mərhəmətlidir.
(Tövbə surəsi, 117)
Allah onları toplayacağı gün bir-birlərini tanıyacaq və sanki gündüzün yalnız bir hissəsi qədər qaldıqlarını zənn edəcəklər. Allah ilə qarşılaşacaqlarını yalanlayanlar ziyana uğrayacaqlar. Onlar doğru yolda deyillər.
(Yunis surəsi, 45)
De ki: “Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”.
(Yunis surəsi, 49)
Gündüzün iki başında (əvvəlində və axırında) namaz qıl və gecənin bəzi saatlarında ibadət (islama xidmət) et! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır.
(Hud surəsi, 114)
Göyləri, yeri və onların arasında olanları yalnız haqq ilə yaratdıq. Qiyamət də mütləq gələcəkdir. Ona görə də sən (onlarla hələlik) gözəl şəkildə rəftar et!
(Hicr surəsi, 85)
Əgər Allah insanları etdikləri haqsızlıqlara görə (bu dünyada) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onları (cəzalarını) təqdir olunmuş bir vaxta qədər təxirə salır. Onların əcəli gəlib çatdığı zaman nə bir an geri qalar, nə də bir an irəli keçə bilərlər.
(Nəhl surəsi, 61)
Göylərin və yerin qeybini yalnız Allah bilir. Qiyamət ancaq bir göz qırpımında, yaxud daha az bir vaxtda qopacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.
(Nəhl surəsi, 77)
Beləcə, öz aralarında bir-birindən (nə qədər vaxt yatıb qaldıqlarını) soruşsunlar deyə onları oyatdıq. Onlardan biri: “Nə qədər (yatıb) qaldınız?” - dedi. Digərləri: “Bir gün, yaxud günün bir hissəsi qədər qaldıq!” - dedilər. (Onlardan bəziləri də) dedilər ki: “Rəbbiniz, qaldığınız müddəti daha yaxşı bilir. Aranızdan birini bu gümüş pulla şəhərə göndərin ki, hansı yeməyin daha təmiz olduğuna baxsın və o ərzaqdan sizə gətirsin. O, gizlicə hərəkət etsin və qətiyyən sizi heç kimə sezdirməsin!
(Kəhf surəsi, 19)
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
(Məryəm surəsi, 75)
O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
(Ənbiya surəsi, 49)
Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamətin sarsıntısı çox dəhşətlidir.
(Həcc surəsi, 1)
Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
(Furqan surəsi, 11)
Qiyamət qopacağı gün günahkarlar (dünyada) yalnız az bir müddət qaldıqlarına dair and içərlər. Onlar (dünyada da haqq yoldan) belə döndərilirdilər.
(Rum surəsi, 55)
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Loğman surəsi, 34)
Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq təmiz ağıl sahibləri düşünüb ibrət alarlar”.
(Zumər surəsi, 9)
Əzmkar (ülül-əzm) elçilərin səbir etdiyi kimi, sən də səbir et! Onlar üçün əzabın tez gəlməsini istəmə. Onlara vəd olunan əzabı görəcəkləri gün (dünyada) yalnız gündüzün az bir vaxtı qədər yaşadıqlarını sanacaqlar. Bu, bir təbliğdir. Yalnız fasiq olanlar məhv edilər!
(Əhqaf surəsi, 35)
Qiyamət yaxınlaşdı və ay yarıldı.
(Qamər surəsi, 1)
Xeyr! Onlara vəd olunan qiyamətdir (axirət əzabıdır). Qiyamət isə daha çətin və daha acıdır.
(Qamər surəsi, 46
)