Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və inkar edənlərdən oldu.
(Bəqərə surəsi, 34)
Vaxtilə (yəhudilərə) belə demişdik: “Bu kəndə girin və bəyəndiyiniz yerdə, istədiyinizdən bol-bol yeyin! Qapısından da (Allaha) səcdə edərək daxil olun və: “Hittə!” (Bizi bağışla!) – deyin ki, Biz də sizin günahlarınızı bağışlayaq!” Yaxşı işlər görənlər üçün (mükafatlarını) artıracağıq.
(Bəqərə surəsi, 58)
Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə: “Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik.
(Bəqərə surəsi, 125)
Ey Məryəm, Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!”
(Ali İmran surəsi, 43)
Onlar (hamısı) eyni deyillər. Kitab əhli içində düzgün bir camaat vardır ki, onlar gecə vaxtı səcdəyə qapanaraq Allahın ayələrini oxuyurlar.
(Ali İmran surəsi, 113)
Ey Rəsulum!) Sən (döyüş əsnasında əsgərlərin) arasında olub onlara namaz qıldırdığın zaman onlardan bir dəstə səninlə birlikdə namaza dursun, silahlarını da (özləri ilə) götürsünlər. Onlar səcdə edən kimi sizin arxanıza keçsinlər. Sonra namaz qılmamış olan digər dəstə gəlib səninlə birlikdə namaz qılsın. Onlar da ehtiyat tədbirləri alsınlar və silahlarını götürsünlər. İnkar edənlər istəyərlər ki, kaş siz silah-sursatınızdan və əşyalarınızdan xəbərsiz (uzaqda) olaydınız və sizin üzərinizə birdəfəlik basqın edəydilər. Əgər yağışdan əziyyət çəkərsinizsə, yaxud xəstə olarsınızsa, silahlarınızı yerə qoymağınız sizə günah deyil. Yenə də ehtiyat tədbirinizi görün! Şübhəsiz ki, Allah inkar edənlər üçün alçaldıcı bir əzab hazırlamışdır.
(Nisa surəsi, 102)
Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz: “Şənbə günü həddi aşmayın (ov qadağasını pozmayın)!” – dedik və onlardan möhkəm bir əhd aldıq.
(Nisa surəsi, 154)
And olsun ki, sizi yaratdıq və sonra sizə (ən gözəl) surət verdik. Sonra mələklərə: “Adəmə səcdə edin!” - dedik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O, səcdə edənlərdən olmadı.
(Əraf surəsi, 11)
Allah buyurdu: “Mən sənə əmr etdiyim zaman səcdə etməyinə nə mane oldu?” (İblis) dedi: “Mən ondan daha xeyirliyəm (üstünəm). Məni oddan, onu isə palçıqdan yaratmısan”.
(Əraf surəsi, 12)
Sehrbazlar isə səcdəyə qapandılar.
(Əraf surəsi, 120)
O zaman onlara belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) məskunlaşın. Ondan (nemətlərindən) istədiyiniz kimi yeyin. “Hittə!” (Bizi bağışla!) deyin və qapıdan əyilərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərin mükafatlarını daha da artıracağıq.
(Əraf surəsi, 161)
Rəbbinin yanında olanlar (mələklər), Ona ibadət etmək barəsində təkəbbürlənməz, Onun şəninə təriflər deyər və Ona səcdə edərlər.
(Əraf surəsi, 206)
Onlar tövbə edən, ibadət edən, şükür edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işləri əmr edib pis işləri qadağan edən və Allahın (halal-haram) hüdudlarını qoruyanlardır. Belə möminləri müjdələ!
(Tövbə surəsi, 112)
Bir zaman Yusif atasına belə demişdi: “Atacan! Mən (yuxuda) on bir ulduz, günəşi və ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”.
(Yusif surəsi, 4)
(Yusif) ata-anasını taxtın üzərinə oturtdu. Onlar (ata-anası və qardaşları) onun üçün səcdə etdilər. (Yusif) dedi: “Atacan! Bu, daha əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. Həqiqətən, O mənə (çoxlu nemətlər) lütf etdi. Çünki məni zindandan çıxartdı və şeytan, mənimlə qardaşlarımın arasını vurduqdan sonra sizi səhradan (bura) gətirdi. Həqiqətən, Rəbbim dilədiyinə lütf edəndir. O həqiqətən, hər şeyi biləndir, hikmət sahibidir.
(Yusif surəsi, 100)
Göylərdə və yerdə olanlar da, onların kölgələri də gecə-gündüz istər-istəməz Allaha səcdə edirlər.
(Rad surəsi, 15)
Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz dərhal ona səcdə edin (təzim göstərin)!”
(Hicr surəsi, 29)
Beləliklə, bütün mələklər səcdə etdilər.
(Hicr surəsi, 30)
İblisdən başqa! O, səcdə edənlərlə birlikdə olmaqdan imtina etdi.
(Hicr surəsi, 31)
Allah dedi: “Ey İblis! Sənə nə oldu ki, səcdə edənlərlə birlikdə olmadın?”
(Hicr surəsi, 32)
(İblis) dedi: “Mən uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan yaratdığın bir bəşərə səcdə edən deyiləm!”
(Hicr surəsi, 33)
Buna görə də həmd-səna ilə Rəbbini təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et) və səcdə edənlərdən ol!
(Hicr surəsi, 98)
Onlar Allahın yaratdığı - kölgələri kiçilən və Allaha səcdə edərək sağa-sola əyilən hər hansı bir əşyaya baxıb təfəkkür etmədilərmi?
(Nəhl surəsi, 48)
Göylərdə və yerdə olan hər bir canlı və mələklər təkəbbürlənmədən Allaha səcdə edirlər.
(Nəhl surəsi, 49)
Bir vaxtlar mələklərə (və İblisə): “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa (onların hamısı) dərhal səcdə etdilər. İblis isə: “Palçıqdan yaratdığın birinəmi səcdə edəcəyəm?” – dedi.
(İsra surəsi, 61)
De: “İstər ona inanın, istər inanmayın! Doğrusu, daha əvvəl elm (kitab) verilmiş kimsələrə o (Quran) oxunduğu zaman dərhal çənələri üstə düşüb səcdə edirlər.
(İsra surəsi, 107)
Bir zaman mələklərə: “Adəmə səcdə edin!” - demişdik. Cinlərdən olan İblis istisna olmaqla, (bütün mələklər) dərhal səcdə etdilər. Beləcə, o, Rəbbinin əmrindən çıxdı. İndi siz Məni qoyub onu və onun nəslini özünüzə dost tutursunuz? Halbuki, onlar sizin düşməninizdir. Zalımlar üçün bu nə pis bir mübadilədir!
(Kəhf surəsi, 50)
Onlar Allahın nemət verdiyi elçilərdən, Adəmin nəslindən, Nuhla birlikdə (gəmidə) daşıdıqlarımızın nəslindən, İbrahim və İsrailin (Yaqubun) nəslindən və seçib haqq yola yönəltdiyimiz kimsələrdəndirlər. Onlara Rəhmanın (Allahın) ayələri oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar.
(Məryəm surəsi, 58)
Bu zaman sehrbazlar səcdəyə qapanıb: “Biz Harunun və Musanın Rəbbinə iman etdik!” - dedilər.
(Taha surəsi, 70)
Vaxtilə Biz mələklərə: “Adəmə səcdə edin!” - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, (səcdə etməyi) rədd etdi.
(Taha surəsi, 116)
Göylərdə və yerdə olanların, Günəşin, Ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların bir çoxunun Allaha səcdə etdiyini görmədinmi? Bir çoxuna da əzab vacib olmuşdur. Allahın alçaltdığı kimsəni heç kim ucalda bilməz. Şübhəsiz, Allah istədiyini edər.
(Həcc surəsi, 18)
Ey iman edənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız!
(Həcc surəsi, 77)
Onlara: “Rəhmana səcdə edin!” - deyildiyi zaman onlar: “Rəhman nədir? Bizə əmr etdiyin şeyə səcdəmi edəcəyik?” – deyərlər. Bu, onların nifrətini daha da artırar.
(Furqan surəsi, 60)
Onlar gecəni də Rəbbi üçün səcdə və qiyamda (namaz qılaraq) keçirərlər.
(Furqan surəsi, 64)
Bu zaman sehrbazlar səcdəyə qapandılar.
(Şuəra surəsi, 46)
Səcdə edənlərin arasında əyilib-qalxdığını da (görür).
(Şuəra surəsi, 219)
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
(Nəml surəsi, 24)
Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir).
(Nəml surəsi, 25)
Bizim ayələrimizə yalnız bu ayələrlə öyüd verildiyi zaman təkəbbürlənmədən səcdəyə qapanan və Rəbbini həmd ilə təsbeh edənlər iman edərlər.
(Səcdə surəsi, 15)
Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!”
(Sad surəsi, 72)
Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdilər.
(Sad surəsi, 73)
Allah dedi: “Ey İblis! Əllərimlə yaratdığıma səcdə etməyinə mane olan nədir? Sən təkəbbürləndin, yoxsa üstün olanlardansan?”
(Sad surəsi, 75)
Yaxud gecə vaxtı səcdə edərək və qiyamda duraraq ibadət edən, axirətdən çəkinən və Rəbbinin mərhəmətinə ümid bəsləyən kimsə (inkar edən kimsə ilə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər bir olarmı?! Ancaq təmiz ağıl sahibləri düşünüb ibrət alarlar”.
(Zumər surəsi, 9)
Gecə, gündüz, günəş və ay Onun (varlığının və qüdrətinin) əlamətlərindəndir. Əgər yalnız Ona (Allaha) ibadət edirsinizsə, günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin!
(Fussilət surəsi, 37)
Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar da inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər. Onların rüku edərək və səcdəyə qapanaraq Allahdan lütf və riza dilədiklərini görərsən. Onların nişanəsi üzlərindəki səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildəki vəsfləri isə belədir: onlar cücərtisini üzə çıxarmış, onu qüvvətləndirmiş, o da qalınlaşıb gövdəsi üstünə qalxmış və əkinçilərin xoşuna gələn bir əkin kimidirlər. Allah (möminlərin sayını belə artırır ki,) bununla inkar edənləri qəzəbləndirsin. Allah onlardan iman edib yaxşı işlər görənlərə məğfirət və böyük bir mükafat vəd etmişdir.
(Fəth surəsi, 29)
Gecənin bir vaxtında və səcdələrdən sonra Onu təsbeh et!
(Qaf surəsi, 40)
Allaha səcdə edin və Ona qulluq edin!
(Nəcm surəsi, 62)
Bitkilər də, ağaclar da Allaha səcdə edir.
(Rəhman surəsi, 6)
O gün işlər çətinləşər və onlar səcdə etməyə dəvət olunarlar, lakin onların buna gücü çatmaz.
(Qələm surəsi, 42)
Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular.
(Qələm surəsi, 43)
Gecənin bir vaxtında Ona səcdə et və gecə uzun bir müddət Onu təsbeh et!
(İnsan surəsi, 26)
Özlərinə Quran oxunduğu zaman səcdə etmirlər.
(İnşiqaq surəsi, 21)
Xeyr, ona boyun əymə! Səcdə et və (Rəbbinə) yaxınlaş!
(Ələq surəsi, 19
)