Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm.
(Nəml surəsi, 22)
Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var.
(Nəml surəsi, 23)
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
(Nəml surəsi, 24)
Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir).
(Nəml surəsi, 25)
(Halbuki) böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir ilah yoxdur!”
(Nəml surəsi, 26)
(Süleyman Hüdhüdə) dedi: “Baxaq görək, doğru söyləyirsən, yoxsa yalançılardansan.
(Nəml surəsi, 27)
Mənim bu məktubumu apar və onlara at! Sonra da bir kənara çəkil və bax gör nə cavab verəcəklər!”
(Nəml surəsi, 28)
(Səbə hökmdarı Bəlqis) dedi: “Ey əyanlar! Mənə mühüm bir məktub atıldı.
(Nəml surəsi, 29)
O məktub Süleymandandır və belə başlayır: “Rəhman və Rəhim olan Allahın adı ilə!
(Nəml surəsi, 30)
Mənə qarşı çıxmayın və təslim olub hüzuruma gəlin!”
(Nəml surəsi, 31)
(Sonra Bəlqis:) “Ey əyanlar! Bu iş barədə mənə fikrinizi bildirin! Siz olmadan mən heç bir işə qəti qərar verən deyiləm!” - dedi.
(Nəml surəsi, 32)
Onlar: “Biz çox güclüyük və çətin döyüşlər görmüşük. Qərar sənindir. Buna görə də nə əmr edəcəyini özün fikirləş!” - dedilər.
(Nəml surəsi, 33)
(Bəlqis) dedi: “Hökmdarlar bir məmləkətə girdikləri zaman orada fitnə-fəsad törədərlər. Xalqının böyüklərini də alçaldarlar. Onlar da belə edəcəklər.
(Nəml surəsi, 34)
Mən onlara bir hədiyyə göndərəcəyəm. Görüm elçilər nə ilə qayıdacaqlar”.
(Nəml surəsi, 35)
(Elçi hədiyyə ilə) Süleymanın hüzuruna gəldiyi zaman o belə dedi: “Siz mənə mal-mülkləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Bu hədiyyələrinizlə siz sevinirsiniz.
(Nəml surəsi, 36)
Onların yanına qayıt! (Bilsinlər ki,) məğlubedilməz bir ordu ilə onların üstünə gələrik və əlbəttə, zəlil və xar bir vəziyyətdə onları oradan çıxardarıq!”
(Nəml surəsi, 37)
(Sonra Süleyman) dedi: “Ey əyanlar! Onlar təslim olub mənə gəlmədən hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”
(Nəml surəsi, 38)
Cinlərdən çox güclü biri: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Həqiqətən, mənin buna gücüm çatar və mən etibarlıyam!” - dedi.
(Nəml surəsi, 39)
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”
(Nəml surəsi, 40)
Süleyman: “Onun taxtını tanınmaz bir hala salın, görək, (Bəlqis onu) tanıyacaq, yoxsa tanımayacaq?” - dedi.
(Nəml surəsi, 41)
O (Bəlqis) gəldiyi zaman ona: “Sənin taxtın beləydimi?” - deyildi. O da: “Sanki odur!” – dedi. (Süleyman dedi:) “Bizə daha əvvəl elm verilmiş və biz (Allaha) təslim olmuşuq!”
(Nəml surəsi, 42)
Allahdan başqa ibadət etdikləri ona (tövhid dininə girməsinə) mane olmuşdu. Həqiqətən, o, inkar edən bir qövmdən idi.
(Nəml surəsi, 43)
Ona: “Saraya daxil ol!” - deyildi. Oranı görən zaman onu dərin bir su gölməçəsi zənn etdi və ətəyini qaldırdı. (Süleyman) dedi: “Bu, büllurdan düzəldilmiş bir döşəmədir”. (Bəlqis:) “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etmişəm. Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” - dedi.
(Nəml surəsi, 44
)