Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Kral: “Mən (yuxuda) gördüm ki, yeddi arıq inək yeddi kök inəyi yeyir. Bir də yeddi yaşıl sünbül və yeddi quru sünbül gördüm. Ey əyanlar, əgər yuxu yozursunuzsa, mənim yuxumu da yozun!” - dedi.
(Yusif surəsi, 43)
Onlar dedilər: “Bunlar qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
(Yusif surəsi, 44)
(Yusiflə birlikdə zindana düşən) o ikisindən xilas olanı bir müddət sonra (Yusifi) xatırlayıb dedi: “Mən sizə onun yozumunu xəbər verərəm. Dərhal məni (Yusifin olduğu zindana) göndərin!”
(Yusif surəsi, 45)
(O, Yusifin yanına gəlib dedi:) “Yusif! Ey doğru danışan, bizim üçün (yuxuda görülən) yeddi arıq inəyin yediyi yeddi kök inəklə yeddi yaşıl sünbül və yeddi quru sünbülü yoz! Ola bilsin ki, adamların yanına (doğru bir yozumla) qayıdaram və bəlkə, onlar da (həqiqəti) bilərlər”.
(Yusif surəsi, 46)
Yusif dedi: “Yeddi il adətiniz üzrə (torpağınızı) əkin. Sonra da yeyəcəyiniz az bir miqdar istisna olmaqla, biçdiyiniz məhsulu sünbüldə saxlayın!
(Yusif surəsi, 47)
Ondan sonra (toxumluq) saxlayacağınız az bir miqdar istisna olmaqla, o illər üçün tədarük etdiklərinizi yeyib bitirən yeddi çətin il (quraqlıq və qıtlıq ili) gələcəkdir.
(Yusif surəsi, 48)
Onun ardınca da (Allah tərəfindən bol yağışla) insanlara yardım ediləcəyi və meyvələrin şirəsini sıxacaqları bir il gələcəkdir”.
(Yusif surəsi, 49)