Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə inkar edən olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək inkar edən oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də inkar edən olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər!
(Bəqərə surəsi, 102)
Biz Nuha və ondan sonrakı elçilərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına, İsaya, Əyyuba, Yunisə, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
(Nisa surəsi, 163)
Biz ona İshaqı və (İshaqın oğlu) Yaqubu bəxş etdik. Onların hər birini doğru yola yönəltdik. Daha əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da doğru yola yönəltmişdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
(Ənam surəsi, 84)
Şiddətli küləyi də Süleymanın xidmətinə vermişdik. Onun əmri ilə külək bərəkət verdiyimiz yerə doğru əsirdi. Biz hər şeyi bilirik!
(Ənbiya surəsi, 81)
Şeytanlardan onun üçün dənizə dalan (oradan incilər çıxaran) və bundan başqa işlər görənlər də vardı. Biz onlara nəzarət edirdik.
(Ənbiya surəsi, 82)
Biz Davuda və Süleymana da elm verdik. Onlar: “Bizi mömin bəndələrinin çoxundan üstün edən Allaha həmd olsun!” - dedilər.
(Nəml surəsi, 15)
Süleyman Davuda varis olmuş və: “Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi.
(Nəml surəsi, 16)
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət ordusu toplandı. Onlar nizamla düzülüb gedirdilər.
(Nəml surəsi, 17)
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi: “Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!”
(Nəml surəsi, 18)
Süleyman onun sözünə gülümsəyib dedi: “Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!”
(Nəml surəsi, 19)
Süleyman quşları nəzərdən keçirib dedi: “Hüdhüdü nə üçün görmürəm? Yoxsa o qeyb olanlardan mı oldu?
(Nəml surəsi, 20)
Onu şiddətli bir şəkildə cəzalandıracağam və ya kəsəcəyəm, yaxud da o mənə (olmamağının səbəbini göstərən) açıq bir dəlil gətirəcək!”
(Nəml surəsi, 21)
Çox keçmədən (hüdhüd gəlib) dedi: “Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm.
(Nəml surəsi, 22)
Mən onlara hökmdarlıq edən bir qadın gördüm. Ona hər şey verilib, bir də böyük bir taxtı var.
(Nəml surəsi, 23)
Onun və qövmünün Allahı qoyub günəşə səcdə etdiklərini gördüm. Şeytan əməllərini özlərinə gözəl göstərib onları haqq yoldan döndərmişdir. Buna görə də onlar haqq yolu tapa bilmirlər.
(Nəml surəsi, 24)
Göylərdə və yerdə gizli olanı aşkar edən və həm gizlində, həm də aşkarda etdiklərini bilən Allaha səcdə etməmələri üçün (şeytan belə etmişdir).
(Nəml surəsi, 25)
(Halbuki) böyük ərşin Rəbbi olan Allahdan başqa heç bir ilah yoxdur!”
(Nəml surəsi, 26)
(Süleyman Hüdhüdə) dedi: “Baxaq görək, doğru söyləyirsən, yoxsa yalançılardansan.
(Nəml surəsi, 27)
Mənim bu məktubumu apar və onlara at! Sonra da bir kənara çəkil və bax gör nə cavab verəcəklər!”
(Nəml surəsi, 28)
(Səbə hökmdarı Bəlqis) dedi: “Ey əyanlar! Mənə mühüm bir məktub atıldı.
(Nəml surəsi, 29)
O məktub Süleymandandır və belə başlayır: “Rəhman və Rəhim olan Allahın adı ilə!
(Nəml surəsi, 30)
Mənə qarşı çıxmayın və təslim olub hüzuruma gəlin!”
(Nəml surəsi, 31)
(Sonra Bəlqis:) “Ey əyanlar! Bu iş barədə mənə fikrinizi bildirin! Siz olmadan mən heç bir işə qəti qərar verən deyiləm!” - dedi.
(Nəml surəsi, 32)
Onlar: “Biz çox güclüyük və çətin döyüşlər görmüşük. Qərar sənindir. Buna görə də nə əmr edəcəyini özün fikirləş!” - dedilər.
(Nəml surəsi, 33)
(Bəlqis) dedi: “Hökmdarlar bir məmləkətə girdikləri zaman orada fitnə-fəsad törədərlər. Xalqının böyüklərini də alçaldarlar. Onlar da belə edəcəklər.
(Nəml surəsi, 34)
Mən onlara bir hədiyyə göndərəcəyəm. Görüm elçilər nə ilə qayıdacaqlar”.
(Nəml surəsi, 35)
(Elçi hədiyyə ilə) Süleymanın hüzuruna gəldiyi zaman o belə dedi: “Siz mənə mal-mülkləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Bu hədiyyələrinizlə siz sevinirsiniz.
(Nəml surəsi, 36)
Onların yanına qayıt! (Bilsinlər ki,) məğlubedilməz bir ordu ilə onların üstünə gələrik və əlbəttə, zəlil və xar bir vəziyyətdə onları oradan çıxardarıq!”
(Nəml surəsi, 37)
(Sonra Süleyman) dedi: “Ey əyanlar! Onlar təslim olub mənə gəlmədən hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”
(Nəml surəsi, 38)
Cinlərdən çox güclü biri: “Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Həqiqətən, mənin buna gücüm çatar və mən etibarlıyam!” - dedi.
(Nəml surəsi, 39)
Kitabdan xəbərdar olan kimsə belə dedi: “Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi: “Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”
(Nəml surəsi, 40)
Süleyman: “Onun taxtını tanınmaz bir hala salın, görək, (Bəlqis onu) tanıyacaq, yoxsa tanımayacaq?” - dedi.
(Nəml surəsi, 41)
O (Bəlqis) gəldiyi zaman ona: “Sənin taxtın beləydimi?” - deyildi. O da: “Sanki odur!” – dedi. (Süleyman dedi:) “Bizə daha əvvəl elm verilmiş və biz (Allaha) təslim olmuşuq!”
(Nəml surəsi, 42)
Allahdan başqa ibadət etdikləri ona (tövhid dininə girməsinə) mane olmuşdu. Həqiqətən, o, inkar edən bir qövmdən idi.
(Nəml surəsi, 43)
Ona: “Saraya daxil ol!” - deyildi. Oranı görən zaman onu dərin bir su gölməçəsi zənn etdi və ətəyini qaldırdı. (Süleyman) dedi: “Bu, büllurdan düzəldilmiş bir döşəmədir”. (Bəlqis:) “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etmişəm. Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” - dedi.
(Nəml surəsi, 44)
Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Onlardan kim əmrimizdən çıxırdısa, alovlu odun əzabından ona daddırırdıq.
(Səba surəsi, 12)
Onun üçün istəyinə uyğun məbədlər, heykəllər, hovuzlara oxşar ləyənlər və yerindən tərpədilə bilməyən iri qazanlar düzəldirdilər. Ey Davud ailəsi, Allaha şükür edin! Bəndələrimdən şükür edənlər azdır.
(Səba surəsi, 13)
Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar.
(Səba surəsi, 14)
Biz Davuda Süleymanı bəxş etdik. O nə gözəl bəndədir! Həqiqətən, o, daim Allaha yönəlirdi.
(Sad surəsi, 30)
Bir vaxt axşam çağı ona cins, çapar atlar göstərilmişdi.
(Sad surəsi, 31)
Bu zaman o: “Həqiqətən, mən mal-mülk (at) sevgisini Rəbbimi zikr etmək üçün istədim”, - dedi. Nəhayət, onlar gözdən itdilər.
(Sad surəsi, 32)
(Sonra Süleyman dedi:) “Onları təkrar mənə gətirin!” O, atların ayaqlarını və boyunlarını sığallamağa başladı.
(Sad surəsi, 33)
Həqiqətən, Biz Süleymanı sınağa çəkmişdik. Taxtının üstünə bir cəsəd qoyduq. Sonra o əvvəlki halına qayıtdı.
(Sad surəsi, 34)
Süleyman dedi: “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.
(Sad surəsi, 35)
Buna görə də Biz küləyi onun xidmətinə verdik. Külək onun əmri ilə istədiyi tərəfə asanlıqla əsirdi.
(Sad surəsi, 36)
Bənna və dalğıc olan bütün şeytanları da onun ixtiyarına verdik.
(Sad surəsi, 37)
Başqalarını da zəncirlərlə bağlanmış halda onun xidmətinə verdik.
(Sad surəsi, 38)
(Biz ona dedik:) “Bu Bizim hədiyyəmizdir. Bunlardan (başqalarına) versən də, verməsən də haqq-hesabı yoxdur”.
(Sad surəsi, 39)
Həqiqətən, dərgahımızda onun üçün uca bir məqam və gözəl bir qayıdış yeri vardır.
(Sad surəsi, 40)