Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Həcc və ümrəni Allah üçün tam yerinə yetirin! Əgər qarşınıza bir maneə çıxarsa, sizə asan başa gələn bir qurbanlıq göndərin! Qurbanlıq öz yerinə çatana qədər başlarınızı qırxdırmayın! Sizdən kim xəstə olar, yaxud başındakı bir narahatçılığa görə əziyyət çəkərsə, fidyə olaraq oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir. (Maneələrdən) əmin olduğunuz təqdirdə, kim həccə qədər ümrədən istifadə edərsə, asan başa gələn bir qurban kəssin! Kim qurbanlıq tapmazsa, əvəzində həcdə üç gün və qayıtdıqdan sonra yeddi gün oruc tutmalıdır. Bu, tam on gündür. Bu, ailəsi Məscidi-haram ətrafında yaşamayanlara aiddir. Allahdan qorxun və bilin ki, Allahın əzabı şiddətlidir.
(Bəqərə surəsi, 196)
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir elçiyə inanmayaq!” – deyənlərə de ki: “Məndən əvvəl sizə elçilər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?”
(Ali İmran surəsi, 183)
Ey iman edənlər! Allahın (müəyyən etdiyi dini) nişanələrinə, haram aya, qurbanlara, (onlara taxılmış) boyunbağlarına və Rəbbinin lütfünü və rizasını diləyərək Beyti-harama (Kəbəyə) gələnlərə hörmətsizlik etməyin! Ehramdan çıxdığınız zaman ov edəbilərsiniz. Məscidi-harama daxil olmağınıza mane olmuş bir qövmə qarşı bəslədiyiniz kin, sizi təcavüzə sövq etməsin! Yaxşılıq və təqvada (günahlardan çəkinməkdə) yardımlaşın! Günah və düşmənçilikdə isə yardımlaşmayın! Allahdan qorxun! Həqiqətən, Allahın cəzası şiddətlidir.
(Maidə surəsi, 2)
Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi: “Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi: “Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər.
(Maidə surəsi, 27)
Ey iman edənlər, ehramda ikən ovu öldürməyin! Sizdən kim onu qəsdən öldürərsə, öldürdüyü heyvanın eynisi (dəyərində ona) cəza düşür. Kəbəyə çatası qurban olmaq üzrə sizdən iki ədalətli şəxs buna hökm edər (öldürülən heyvanın dəyərini təyin edər), yaxud (ovlanmanın) kəffarəsi yoxsulları doyurmaq və yaxud da ona bərabər bir oruc tutmaqdır ki, gördüyü işin cəzasını dadsın. Allah keçmişdə olanları bağışlamışdır. Kim (bu işləri) təkrar edərsə, Allah ondan intiqam alar. Allah qüdrətlidir, intiqam sahibidir.
(Maidə surəsi, 95)
Allah müqəddəs ev olan Kəbəni, haram ayı, həcc qurbanını və (qurbanlığın boynuna asılan) boyunbağları insanlar üçün bir dayaq (dolanacaq vasitəsi) etdi. Bu, Allahın göylərdə və yerdə nə varsa, hamısını bildiyini və hər şeydən xəbərdar olduğunu dərk etməyiniz üçündür.
(Maidə surəsi, 97)
Hər ikisi təslim olduğu və İbrahim (heyvanı) üzüstə yatırdığı zaman
(Saffat surəsi, 103)
Biz (balaca qurbanlığın) əvəzinə ona daha böyük bir qurbanlıq verdik.
(Saffat surəsi, 107)
Ona görə də Rəbbin üçün namaz qıl və qurban kəs!
(Kövsər surəsi, 2
)