Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Allah onların qəlbini və qulaqlarını möhürləmiş, gözlərini də pərdələmişdir. Onlar üçün böyük bir əzab vardır.
(Bəqərə surəsi, 7)
Yaxud (onların halı) göydən yağan, içində qaranlıqlar, göy gurultusu və şimşək olan yağışa (tutulmuş kimsələrin halına) bənzəyir. Onlar ildırımın səsindən ölüm qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah (elmi və qüdrəti ilə) inkar edənləri əhatələmişdir.
(Bəqərə surəsi, 19)
Onları hökmən azdırıb (puç) xülyalara salacaq və onlara əmr edəcəyəm ki, heyvanların qulaqlarını kəssinlər. Onlara, Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!” Kim Allahı qoyub şeytanı özünə dost tutarsa, həqiqətən, o, açıq-aşkar ziyana düşmüşdür.
(Nisa surəsi, 119)
Ey elçi! Qəlbi inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlbini təmizləmək istəməmişdir. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır.
(Maidə surəsi, 41)
Onlar (daim) yalana qulaq asır və haram yeyirlər. Əgər sənin yanına gəlsələr, istəsən aralarında hökm ver, istəsən də onlardan üz çevir! Onlardan üz çevirsən, sənə heç bir zərər verə bilməzlər. Aralarında hökm verdiyin təqdirdə, ədalətlə hökm ver! Şübhəsiz ki, Allah ədalətli olanları sevər.
(Maidə surəsi, 42)
Biz orada onlara yazdıq ki, canın (qisası) can, gözün (qisası) göz, burnun (qisası) burun, qulağın (qisası) qulaq, dişin (qisası) dişdir. Həmçinin yaralamağın da qisası vardır. Kim onu (qisas almağı) bağışlayarsa, bu onun üçün bir kəffarədir. Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır.
(Maidə surəsi, 45)
Onlardan səni (Quran oxuyarkən) dinləyənlər də vardır. Lakin onu (Quranı) anlamasınlar deyə, qəlbinə pərdə çəkdik, qulaqlarına da ağırlıq verdik (kar etdik). Onlar hər cür möcüzə görsələr də, yenə ona inanmazlar. Hətta inkar edən olanlar sənin yanına gəldikləri zaman: “Bu (Quran), əvvəlkilərin əfsanələrindən başqa bir şey deyildir”, - deyərək səninlə mübahisə edirlər.
(Ənam surəsi, 25)
And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır.
(Əraf surəsi, 179)
Yoxsa onların (bütlərin) yeriyən ayaqları, tutan əlləri, görən gözləri, eşidən qulaqlarımı var?! De: “Şərik qoşduqlarınızı çağırın! Sonra mənə tələ qurun və mənə heç möhlət də verməyin!
(Əraf surəsi, 195)
Onların (münafiqlərin) arasında: “O, hər deyilənə qulaq asandır!” - deyərək elçini incidənlər də var. De ki: “O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman edir, möminlərə inanır və O, sizdən iman edənlər üçün bir rəhmətdir”. Allahın elçisinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır.
(Tövbə surəsi, 61)
De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” - deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?!
(Yunis surəsi, 31)
Ancaq xəlvətcə qulaq asanlar istisnadır. Onu da dərhal yandırıb-yaxan bir ulduz təqib edər.
(Hicr surəsi, 18)
Onlar, Allahın qəlbini, qulaqlarını və gözlərini möhürlədiyi kəslərdir. Onlar əsil qafillərdir.
(Nəhl surəsi, 108)
Haqqında heç nə bilmədiyin bir şeyin ardınca getmə! Şübhəsiz ki, qulaq, göz və qəlb - bunların hamısı ondan sorğu-sual olunacaqdır.
(İsra surəsi, 36)
Onu (Quranı) anlamamaları üçün də onların qəlbinə örtük çəkdik, qulaqlarına da ağırlıq (karlıq) verdik. Sən Quranda Rəbbinin birliyini andığın zaman onlar uzaqlaşaraq arxalarını dönüb gedərlər.
(İsra surəsi, 46)
Beləliklə, mağarada illərlə onların qulaqlarına vurduq.
(Kəhf surəsi, 11)
Rəbbinin ayələri özünə xatırladıldığı halda onlardan üz döndərən və öz əlləri ilə etdiklərini unudan kimsədən daha zalım kim ola bilər?! Onu (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə pərdə çəkdik, qulaqlarına isə ağırlıq (karlıq) verdik. Sən onları hidayət yoluna dəvət etsən də, artıq onlar əsla haqq yola yönəlməyəcəklər.
(Kəhf surəsi, 57)
Onlar yer üzündə dolaşmadılarmı ki, bunun sayəsində onların düşünən qəlbi, yaxud eşidən qulaqları olsun?! Şübhəsiz, gözlər yox, sinələrdəki qəlb kor olur.
(Həcc surəsi, 46)
Sizin üçün qulaqlar, gözlər və qəlb yaradan Odur. Nə qədər də az şükür edirsiniz!
(Muminun surəsi, 78)
Onlar eşitdiklərini (kahinlərə) çatdırarlar. Ancaq onların çoxu yalançıdır.
(Şuəra surəsi, 223)
Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmir və qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə üz çevirir. Sən də ona acı bir əzabla müjdə ver!
(Loğman surəsi, 7)
Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və qəlb yaratdı. Nə qədər də az şükür edirsiniz!
(Səcdə surəsi, 9)
Onlar: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz bağlıdır, qulaqlarımızda da ağırlıq (karlıq) vardır. Bizimlə sənin aranda bir pərdə vardır. Ona görə də sən öz işini gör, biz də öz işimizi görəcəyik”, - dedilər.
(Fussilət surəsi, 5)
Buna görə də onlara dünya həyatında rüsvayçılıq əzabını daddırmaq üçün o uğursuz günlərdə onların üstünə soyuq bir külək göndərdik. Axirət əzabı isə daha çox rüsvayedicidir. Onlara heç bir köməklik də göstərilməz.
(Fussilət surəsi, 16)
Əgər onu yad bir dildə Quran etsəydik, əlbəttə, onlar: “Onun ayələri izah olunmalı deyildimi? (Quran) yad dildə, (elçi) isə ərəb olarmı?” - deyəcəkdilər. De ki: “O, iman edənlər üçün doğru yol rəhbəri və şəfadır. İman etməyənlərə gəldikdə, onların qulaqlarında ağırlıq (karlıq) vardır və o (Quranı anlamaq) onlara qapalıdır. (Sanki) onlara uzaqdan səslənilir (və onlar heç bir şey başa düşmürlər).
(Fussilət surəsi, 44)
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə): “Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar.
(Əhqaf surəsi, 29)
Həqiqətən, bunda, ağıl sahibi və gəlib diqqətlə qulaq asan kimsə üçün öyüd vardır.
(Qaf surəsi, 37)
Dinlə! Carçının yaxın bir yerdən səslənəcəyi gün -
(Qaf surəsi, 41)
Həqiqətən, Biz onların üstünə uğursuzluğu davam edən bir gündə uğultulu soyuq bir külək göndərdik.
(Qamər surəsi, 19)
De: “Sizi yaradan, sizə qulaq, göz və qəlb bəxş edən Odur. Nə qədər də az şükür edirsiniz!”
(Mülk surəsi, 23)
Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər.
(Nuh surəsi, 7
)