Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Sizdən biri istəyərmi ki, (ağacları) altından çaylar axan, içində xurma ağacları, üzümlüklər və hər növ meyvələr olan bir bağçası olsun, ancaq zəif uşaqları olduğu halda ona qocalıq üz versin və ora (bağçasına) odlu bir qasırğa düşərək yanıb tələf olsun? Allah ayələri sizin üçün bu şəkildə izah edir ki, bəlkə düşünüb anlayasınız.
(Bəqərə surəsi, 266)
Zəkəriyya dedi: “Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu: “(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”.
(Ali İmran surəsi, 40)
(Sara) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də yaşlı bir kişi ikən övladım ola bilərmi?! Həqiqətən, bu çox qəribədir!”
(Hud surəsi, 72)
Qoca yaşımda mənə İsmaili və İshaqı lütf edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.
(İbrahim surəsi, 39)
(İbrahim:) “Mən qocalmışkən mənə müjdəmi verirsiniz? Nə (qəribə bir şey) ilə müjdə verirsiniz?” - dedi.
(Hicr surəsi, 54)
Sizi Allah yaratdı, sonra da O, sizin canınızı alacaqdır. Sizlərdən bəzisi vaxtilə bildiklərini xatırlamasın deyə ömrünün ən ixtiyar çağına qədər yaşadılar. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.
(Nəhl surəsi, 70)
Ey insanlar! Əgər yenidən dirilməkdən şübhə edirsinizsə (bilin ki), həqiqətən, Biz sizi torpaqdan, sonra nütfədən (mənidən), sonra laxtalanmış qandan (döllənmiş yumurtadan), sonra tam formalaşmış və ya formalaşmamış bir ət parçasından yaratdıq ki, (qüdrətimizi) sizə göstərək. Dilədiyimizi müəyyən bir vaxta qədər ana bətnində gözlədərik. Sonra sizi uşaq olaraq (ana bətnindən) çıxardarıq. Sonra yetkinlik çağına çatmanız üçün (sizi böyüdərik). Sizdən kimisi vəfat edər, kimisi də ömrünün ən ixtiyar (yaddaşını və gücünü itirmiş) çağına qaytarılar ki, bilikli bir kimsə ikən daha sonra heç bir şey bilməz bir hala düşsün. Sən yer üzünü qupquru görərsən. Ancaq Biz ora yağmur yağdırdığımız zaman o hərəkətə gəlib qabarar və hər növ gözəl bitkilərdən bitirər.
(Həcc surəsi, 5)
Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
(Məryəm surəsi, 4)
Mədyənin su quyusuna çatanda orada heyvanlarını sulayan bir dəstə adam gördü. Onlardan başqa heyvanlarının suya getməsinə mane olan iki qız da görüb onlara dedi: “Sizin dərdiniz nədir?” Onlar: “Çobanlar gedənə qədər heyvanlarımıza su vermirik. Atamız da çox yaşlıdır”, - dedilər.
(Qəsas surəsi, 23)
Sizi zəif bir şeydən (nütfədən) yaradan, sonra zəifliyin arxasınca qüvvət, sonra qüvvətin arxasınca gücsüzlük və qocalıq verən Allahdır. O, istədiyini yaradır. O, hər şeyi biləndir, qüdrət sahibidir.
(Rum surəsi, 54
)