Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.
(Maidə surəsi, 54)
Allah buyurdu: “Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam.
(Əraf surəsi, 18)
(Züleyxa) dedi: “Barəsində məni qınadığınız (cavan oğlan) budur. Onu tovlayıb yoldan çıxartmaq istədim, ancaq o imtina etdi. Əgər o mənim əmrimi yerinə yetirməzsə, mütləq, zindana atılacaq və zəlil olacaqdır”.
(Yusif surəsi, 32)
(Yusif) dedi: “Bu gün siz töhmətlənməyəcəksiniz. Allah sizi bağışlasın! O, mərhəmətlilərin ən mərhəmətlisidir.
(Yusif surəsi, 92)
(Haqq-hesab çəkilib) iş bitdiyi zaman şeytan (inkar edənlərə) deyəcəkdir: “Həqiqətən, Allah sizə haqq olanı vəd vermişdi. Mən də sizə vəd vermişdim, ancaq vədimə xilaf çıxdım. Onsuzda mənim sizə qarşı bir gücüm yoxdu. Mən sadəcə olaraq sizi (küfrə) dəvət etdim, siz də dəvətimi qəbul etdiniz. Ona görə də məni qınamayın, özünüzü qınayın! Nə mən sizi xilas edə bilərəm, nə də siz məni xilas edə bilərsiniz. Şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı inkar etmişdim”. Həqiqətən, zalımlar üçün acı bir əzab vardır.
(İbrahim surəsi, 22)
Kim dünya nemətini istəyərsə, dilədiyimizə orada istədiyimiz qədərini tezliklə verərik. Sonra da onu, qınanmış və qovulmuş bir vəziyyətdə cəhənnəmə atarıq.
(İsra surəsi, 18)
Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və köməksiz bir halda oturub qalarsan.
(İsra surəsi, 22)
Nə xəsis ol, nə də israfçılıq et! Yoxsa (xəsisliyə görə) qınanmış, (israfçılığa görə də) peşman olmuş bir halda oturub qalarsan.
(İsra surəsi, 29)
(Ey elçi!) Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa bir ilah qəbul etmə! Yoxsa qınanmış və (Allahın rəhmətindən) uzaqlaşdırılmış olaraq cəhənnəmə atılarsan.
(İsra surəsi, 39)
Ancaq zövcəsi, yaxud əllərinin altındakılar (cariyələri) bundan istisnadır. Şübhəsiz, (buna görə) onlar qınanmazlar.
(Muminun surəsi, 6)
O (Rəbbinin izni olmadan qövmünü tərk etdiyi üçün) özünü qınayarkən bir balıq onu udmuşdu.
(Saffat surəsi, 142)
Nəhayət, Fironu və əsgərlərini yaxaladıq və onları dənizə atdıq. O, (boğularkən, iman etmədiyi üçün) öz-özünü qınayırdı.
(Zəriyət surəsi, 40)
Artıq onlardan üz çevir! Sən bundan ötrü qınanmayacaqsan.
(Zəriyət surəsi, 54)
Sonra da dönüb bir-birini qınamağa başladılar.
(Qələm surəsi, 30)
Əgər Rəbbindən ona bir nemət yetişməsəydi, o, qınanmış halda qupquru bir yerə atılacaqdı.
(Qələm surəsi, 49)
Ancaq həyat yoldaşı və ya cariyələri bundan istisnadır. Çünki onlar (buna görə) qınanmazlar.
(Məaric surəsi, 30)