Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Daha əvvəl inkar edənlərə qələbə çalmaq üçün (Allaha) yalvardıqları halda, onlara Allah tərəfindən əllərindəkini təsdiqləyən bir kitab gəlib bildikləri həqiqətlərlə qarşılaşdıqları zaman onu inkar etdilər. Allahın lənəti inkar edənlərin üzərinə olsun!
(Bəqərə surəsi, 89)
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz də sizinlə birlikdə deyildikmi?” Əgər inkar edənlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara:) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt möminlərə qarşı kafirlərə yol verməz.
(Nisa surəsi, 141)
Qəlbində xəstəlik olan kimsələrin: “Başımıza bir fəlakət gəlməsindən qorxuruq!” - deyərək onlara tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah (möminlərə) bir zəfər, yaxud Öz tərəfindən elə bir iş gətirər ki, onlar (münafiqlər) qəlbində gizlətdikləri şeyə görə peşman olarlar.
(Maidə surəsi, 52)
(Ey inkar edənlər!) Əgər siz qələbə (hökm) istəyirsinizsə, artıq sizə qələbə (hökm) gəlmişdir. Əgər (küfrdən) əl çəksəniz, bu sizin üçün daha xeyirli olar. Əgər təkrar (elçiyə qarşı düşmənçiliyə) qayıtsanız, Biz də (ona yardım etmək üçün) qayıdarıq. Dəstəniz nə qədər çox olsa da, sizi heç cür müdafiə edə bilməz. Çünki Allah möminlərlə bərabərdir.
(Ənfal surəsi, 19)
(Elçilər Allahdan) zəfər istədilər. Hər bir təkəbbürlü inadkar isə ziyana uğradı.
(İbrahim surəsi, 15)
Onlar: “Əgər doğru söyləyirsinizsə, bu fəth nə vaxt olacaqdır?” - deyirlər.
(Səcdə surəsi, 28)
De: “Fəth günü inkar edənlərə iman etmələri heç bir fayda verməyəcək və onlara möhlət də verilməyəcəkdir”.
(Səcdə surəsi, 29)
Həqiqətən, Biz sənə açıq-aydın bir fəth (zəfər) bəxş etdik ki,
(Fəth surəsi, 1)
Şübhəsiz ki, möminlər ağacın altında sənə beyət etdiklərində Allah onlardan razı olmuşdur. Allah onların qəlbərində olanı bilmiş, onlara mənəvi rahatlıq vermiş və onları yaxın bir fəth (zəfər) ilə mükafatlandırmışdır.
(Fəth surəsi, 18)
Şübhəsiz ki, Allah elçisinin röyasını həqiqətə çevirdi. Siz inşaAllah əmin-amanlıq içində, başlarınızı qırxdırmış və saçınızı qısaltmış bir halda qorxmadan Məscidi-harama daxil olacaqsınız. Allah sizin bilmədiklərinizi bilir. O, bundan əvvəl də sizə yaxın bir zəfər bəxş etmişdi.
(Fəth surəsi, 27)
Göylərin və yerin mirası Allaha məxsus olduğu halda, siz nə üçün Allah yolunda infaq etmirsiniz? Aranızdan (Məkkənin) fəthindən əvvəl infaq edən və döyüşənlər (digərləri ilə) eyni deyillər. Onların dərəcəsi (Məkkənin fəthindən) sonra infaq edən və döyüşənlərdən daha böyükdür. Allah onların hamısına ən gözəl olanı (cənnəti) vəd etmişdir. Allah sizin etdiklərinizdən xəbərdardır.
(Hədid surəsi, 10)
Sevəcəyiniz başqa bir şey də var: Allahdan yardım və yaxın bir fəth (zəfər)! Möminlərə (bununla) müjdə ver!
(Saff surəsi, 13)
Allahın köməyi və fəth (zəfəri) gəldiyi zaman,
(Nəsr surəsi, 1
)