Qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə.
Siz elə kəslərsiniz ki, (bu əhddən) sonra bir-birinizi öldürür, özünüzdən olan bir dəstəni yurdlarından çıxardıb onlara zülm və düşmənçilik etməkdə köməkləşirsiniz. Əgər onlar əsir düşüb sizə gəlsələr, fidyə verib onları azad edirsiniz. Halbuki onları (öz yurdlarından) çıxartmaq sizə haram edilmişdi. Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil.
(Bəqərə surəsi, 85)
Yəhudilər: “Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də: “Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat və İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Bəqərə surəsi, 113)
Allahın kitabda nazil etdiklərini bir az mənfəət müqabilində gizlədənlər qarınlarına oddan başqa bir şey doldurmurlar. Qiyamət günü Allah nə onlarla danışar, nə də onları təmizə çıxarar. Onlar üçün şiddətli bir əzab vardır.
(Bəqərə surəsi, 174)
Dünya həyatı inkarçılar üçün bəzədilmişdir. Onlar isə iman edənlərə istehza edərlər. Ancaq müttəqilər qiyamət günündə onlardan üstün olacaqlar. Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verər.
(Bəqərə surəsi, 212)
O zaman Allah buyurdu: “Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb inkar edənlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər inkar edənlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”
(Ali İmran surəsi, 55)
Allahla olan əhdlərini və andlarını az bir mənfəət müqabilində dəyişdirənlər üçün axirətdə heç bir pay yoxdur. Qiyamət günü Allah onlarla danışmayacaq, onlara baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün acı bir əzab vardır.
(Ali İmran surəsi, 77)
Heç bir elçiyə əmanətə xəyanət etmək yaraşmaz. Kim əmanətə (dövlət malına) xəyanət edərsə, qiyamət günü xəyanət etdiyi şeylə gələr. Sonra hər kəsə (dünyada) qazandığının əvəzi tam verilər və onlara heç bir haqsızlıq edilməz.
(Ali İmran surəsi, 161)
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır.
(Ali İmran surəsi, 180)
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir.
(Ali İmran surəsi, 185)
Ey Rəbbimiz! Elçilərin vasitəsilə vəd etdiklərini bizə bəxş et və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan”.
(Ali İmran surəsi, 194)
Allahdan başqa heç bir ilah yoxdur! Şübhəsiz, O, qopacağına şəkk olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Allahdan daha doğru danışan kimdir?!
(Nisa surəsi, 87)
Bax siz, dünya həyatında onlar üçün mübahisə edən kəslərsiniz. Bəs qiyamət günü kim onlar üçün Allahla mübahisə edəcək, yaxud kim onlara vəkil olacaq?
(Nisa surəsi, 109)
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər: “Biz də sizinlə birlikdə deyildikmi?” Əgər inkar edənlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara:) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcəkdir. Allah heç vaxt möminlərə qarşı kafirlərə yol verməz.
(Nisa surəsi, 141)
Kitab əhlindən olan hər bir kəs ölümündən əvvəl mütləq ona (İsaya) iman edəcəkdir. Qiyamət günü isə o (İsa) onlara şahidlik edəcəkdir.
(Nisa surəsi, 159)
“Biz xristianıq”, - deyənlərdən də əhd almışdıq. Ancaq onlar özlərinə öyrədilən sözlərin bir qismini unutdular. Buna görə də qiyamət gününə qədər Biz onların arasına düşmənçilik və kin saldıq. Allah onlara, etdikləri işləri xəbər verəcəkdir.
(Maidə surəsi, 14)
Həqiqətən, əgər yer üzündə olan hər şey və bir o qədəri də inkar edənlərin olub, bunları qiyamət gününün əzabından xilas olmaq üçün fidyə versəydilər, bu onlardan əsla qəbul olunmazdı. Onlar üçün acı bir əzab vardır.
(Maidə surəsi, 36)
Yəhudilər: “Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışırlar. Allah isə fitnə-fəsad törədənləri sevməz.
(Maidə surəsi, 64)
De: “Göylərdə və yerdə olanlar kimindir?” De ki: “Allahındır!” O, Özünə mərhəmətli olmağı vacib etmişdir. O sizi olacağına şübhə olmayan qiyamət günündə mütləq bir yerə toplayacaqdır. Özlərinə zərər yetirənlər isə iman etməzlər.
(Ənam surəsi, 12)
De: “Allahın bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De: “Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik.
(Əraf surəsi, 32)
O zaman Rəbbin, həqiqətən, qiyamət gününə qədər onlara ən pis əzabı verəcək kimsələr göndərəcəyini elan etdi. Şübhəsiz ki, sənin Rəbbin cəzanı tezliklə verəndir. Həqiqətən, O bağışlayandır, mərhəmətlidir.
(Əraf surəsi, 167)
Qiyamət günü siz: “Biz bundan xəbərsiz idik”, - deməyəsiniz deyə, Rəbbin Adəm övladlarının bellərindən nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” ( – buyurdu). Onlar da: “Bəli, buna şahid olduq!” - dedilər.
(Əraf surəsi, 172)
Allaha böhtan atanların qiyamət günü ilə bağlı düşüncələri nədir? Şübhəsiz ki, Allah insanlara qarşı lütfkardır. Lakin onların çoxu şükür etməz.
(Yunis surəsi, 60)
Onlar həm bu dünyada, həm də qiyamət günü lənətə məruz qaldılar. Bilin ki, Ad qövmü Rəbbini inkar etmişdi. Hudun qövmü olan Ad (Allahın mərhəmətindən) uzaq olsun!
(Hud surəsi, 60)
O, qiyamət günü öz qövmünün qabağına keçib onları cəhənnəmə aparacaq. Aparıldıqları yer necə də pisdir!
(Hud surəsi, 98)
Onlar həm burada, həm də axirətdə lənətə düçar oldular. Onlara verilən hədiyyə necə də pisdir!
(Hud surəsi, 99)
Yoxsa onlar Allahın hər şeyi bürüyən əzabının gəlməyəcəyindən, yaxud özlərinin də xəbəri olmadan qiyamətin qəfildən qopmayacağından əmindirlərmi?!
(Yusif surəsi, 107)
Onlar qiyamət günü həm öz (günah) yüklərinin hamısını, həm də cahillikləri üzündən azdırdıqları kimsələrin (günah) yüklərindən bir qismini daşımaları üçün (belə deyirlər). Bilin ki, daşıyacaqları (bu yük) necə də pisdir!
(Nəhl surəsi, 25)
Sonra qiyamət günü Allah onları rəzil edib belə deyəcəkdir: “Barələrində (möminlərlə) mübahisə etdiyiniz şəriklərim (bütləriniz) haradadır?” Elm verilmiş kəslər isə belə deyəcəklər: “Həqiqətən, bu gün inkar edənlər üçün rəzillik və pislik (əzab) vardır”.
(Nəhl surəsi, 27)
Şənbə günü (ibadət etmək) yalnız onun barəsində ixtilafda olanlara fərz buyurulmuşdur. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir.
(Nəhl surəsi, 124)
Biz hər insanın əməlini öz boynundan asdıq. Qiyamət günü açılmış vəziyyətdə görəcəyi bir kitabı onun qarşısına çıxardarıq.
(İsra surəsi, 13)
Elə bir məmləkət yoxdur ki, qiyamət günündən əvvəl Biz oranı məhv etməyək, yaxud oranı şiddətli bir əzaba düçar etməyək. Bu, kitabda (lövhi-məhfuzda) yazılmışdır.
(İsra surəsi, 58)
(Sonra) belə dedi: “Məndən üstün tutduğuna bir bax! Əgər qiyamət gününə qədər mənə möhlət versən, az bir qismi istisna olmaqla onun nəslini mütləq özümə tabe edəcəyəm!”
(İsra surəsi, 62)
Allah kimə hidayət verərsə, o doğru yoldadır, kimi də (haqq yoldan) azdırarsa, onlar üçün Allahdan başqa dostlar tapa bilməzsən. Qiyamət günü onları kor, lal və kar olaraq üzü üstə bir yerə yığacağıq. Onların sığınacağı yer cəhənnəmdir. Alov azaldıqca onların alovunu artıracağıq.
(İsra surəsi, 97)
Beləcə (insanları) onların halından xəbərdar etdik ki, Allahın vədinin haqq olduğunu və qiyamətin qopacağına dair heç bir şübhə olmadığını bilsinlər. O zaman aralarında onların (Əshabi-kəhfin) məsələsini müzakirə edərək: “Onların üstündə bir bina tikin! Rəbbi onları ən yaxşı biləndir”, - dedilər. Onların işinə bələd olanlar isə: “Biz onların yanında bir məscid tikəcəyik!” - dedilər.
(Kəhf surəsi, 21)
Qiyamətin qopacağını da zənn etmirəm. Əgər Rəbbimə qaytarılsam, şübhəsiz, (orada) bundan da yaxşı bir məskən taparam”.
(Kəhf surəsi, 36)
Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən və beləcə, əməlləri puça çıxan kəslərdir. Buna görə də qiyamət günü Biz onlar üçün heç tərəzi də qurmayacağıq.
(Kəhf surəsi, 105)
De: “Kim zəlalət içindədirsə, qoy Rəhman (olan Allah) ona uzun müddət möhlət versin!” Nəhayət, özlərinə vəd olunanı - əzabı, yaxud qiyaməti gördükləri zaman kimin məqamının daha pis, kimin əsgərlərinin (yardımçılarının) daha zəif olduğunu biləcəklər.
(Məryəm surəsi, 75)
Onların hamısı qiyamət günü tək-tənha Onun hüzuruna gələcəkdir.
(Məryəm surəsi, 95)
O Saat mütləq gələcəkdir! Hər kəs etdiklərinin əvəzini alsın deyə az qalsın onu (n vaxtını) gizlədirəm.
(Taha surəsi, 15)
Kim ondan üz çevirərsə, şübhəsiz ki, o, qiyamət günü ağır bir günahı yüklənəcəkdir.
(Taha surəsi, 100)
Əbədi olaraq onun (əzabın) içində qalacaqlar. Qiyamət günü bu, onlar üçün necə də pis bir yükdür!
(Taha surəsi, 101)
Kim Zikrimdən (Qurandan) üz çevirərsə, şübhəsiz, onu məşəqqətli bir həyat gözləyir və qiyamət günü onu kor olaraq həşr edəcəyik”.
(Taha surəsi, 124)
Qiyamət günü ədalət tərəzilərini quracağıq və heç kimə heç bir haqsızlıq edilməyəcəkdir. (Edilən əməl) bir xardal dənəsi ağırlığında olsa belə Biz onu (ədalət tərəzisinə) gətirib qoyacağıq. Biz haqq-hesab çəkməyə kifayətik.
(Ənbiya surəsi, 47)
O (müttəqilər) ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər.
(Ənbiya surəsi, 49)
Ey insanlar, Rəbbinizdən qorxun! Həqiqətən, qiyamətin sarsıntısı çox dəhşətlidir.
(Həcc surəsi, 1)
Qiyamət vaxtı da gələcəkdir. Bunda heç bir şübhə yoxdur. Allah ölü olanları dirildəcəkdir.
(Həcc surəsi, 7)
O, Allahın yolundan sapdırmaq üçün təkəbbürlə sinəsini qabardaraq bunu edir. Onun üçün dünyada rüsvayçılıq vardır. Qiyamət günü isə ona yandırıb-yaxan əzabı daddıracağıq.
(Həcc surəsi, 9)
Allah qiyamət günü möminlər, yəhudilər, sabiilər, xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında mütləq Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir.
(Həcc surəsi, 17)
İnkar edənlər isə, (qiyamət və ya ölüm) vaxtı qəflətən onlara gələnə, yaxud faydasız bir günün əzabı onlara gəlib çatana qədər ondan (Qurandan) şübhə etməyə davam edəcəklər.
(Həcc surəsi, 55)
Allah qiyamət günü ixtilafda olduğunuz məsələlər barəsində sizin aranızda hökm verəcəkdir”.
(Həcc surəsi, 69)
Sonra da qiyamət günü mütləq dirildiləcəksiniz!
(Muminun surəsi, 16)
Onlar qiyaməti də yalanladılar. Biz qiyaməti yalan sayanlar üçün yandırıb-yaxan bir atəş hazırlamışıq.
(Furqan surəsi, 11)
Qiyamət günü onun əzabı qat-qat artırılar və orada (əzabın içində) alçaldılmış bir vəziyyətdə əbədi qalar.
(Furqan surəsi, 69)
Biz onları cəhənnəmə çağıran rəhbərlər etdik. Qiyamət günü onlara heç bir köməklik göstərilməyəcəkdir.
(Qəsas surəsi, 41)
Onları bu dünyada lənətlədik. Qiyamət günü də onlar çirkinlərdən olacaqlar.
(Qəsas surəsi, 42)
Elə isə, gözəl bir vəd verdiyimiz və ona qovuşan kəs, dünya həyatının nemətini verdiyimiz, sonra da qiyamət günü (əzab üçün hüzurumuza) gətirilən kəs kimi olarmı?
(Qəsas surəsi, 61)
De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər sizi gecəyə qərq etsəydi, Allahdan başqa hansı ilah sizi aydınlığa çıxarardı? Hələ də (haqqı) eşitmirsinizmi?”
(Qəsas surəsi, 71)
De: “Deyin görək, əgər Allah qiyamət gününə qədər gündüzü sizin üçün daimi etsəydi, Allahdan başqa hansı ilah dincəldiyiniz gecəni sizə gətirəcəkdi? Hələ də (haqqı) görmürsünüzmü?”
(Qəsas surəsi, 72)
Şübhəsiz, onlar həm öz günahlarını, həm də öz günahları ilə yanaşı başqa günahları daşıyacaqlar. Onlar qiyamət günü, uydurduqları şeylər barəsində hökmən sorğu-sual olunacaqlar.
(Ənkəbut surəsi, 13)
İbrahim dedi: “Siz yalnız dünya həyatında aranızdakı sevgi (dostluq) uğuruna Allahı qoyub bütləri ilah qəbul etdiniz. Sonra qiyamət günü bir-birinizi inkar edəcək və bir-birinizə lənət oxuyacaqsınız. Sizin sığınacağınız yer cəhənnəmdir və sizin heç bir yardımçınız olmayacaqdır”.
(Ənkəbut surəsi, 25)
Qiyamətin qopacağı gün günahkarlar susacaqlar.
(Rum surəsi, 12)
Qiyamət qopacağı gün - məhz o gün (möminlər və inkar edənlər) bir-birindən ayrılacaqlar.
(Rum surəsi, 14)
Qiyamət qopacağı gün günahkarlar (dünyada) yalnız az bir müddət qaldıqlarına dair and içərlər. Onlar (dünyada da haqq yoldan) belə döndərilirdilər.
(Rum surəsi, 55)
Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır.
(Loğman surəsi, 34)
Şübhəsiz ki, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir.
(Səcdə surəsi, 25)
İnsanlar səndən qiyamətin vaxtı haqqında soruşurlar. De ki: “Onun məlumatı yalnız Allah yanındadır!” Nə bilirsən, bəlkə də, qiyamət yaxın bir zamanda baş verəcək.
(Əhzab surəsi, 63)
İnkar edənlər: “Qiyamət bizə gəlməyəcək!” - dedilər. De ki: “Xeyr! Qeybi bilən Rəbbimə and olsun ki, o, mütləq sizə gələcəkdir. Göylərdə və yerdə zərrə qədər bir şey belə Ondan gizli qalmaz. Hətta ondan daha kiçik və daha böyük elə bir şey yoxdur ki, açıq-aydın bir kitabda (lövhi-məhfuzda) olmasın”.
(Səba surəsi, 3)
Əgər onları (bütləri) çağırsanız, sizin çağırışınızı eşitməzlər. Eşitsələr belə, sizə cavab verə bilməzlər. Onlar qiyamət günü sizin şərik qoşmağınızı inkar edəcəklər. Heç kəs bunu sənə, hər şeyi bilən Allah kimi xəbər verə bilməz.
(Fatir surəsi, 14)
Siz də Ondan başqa istədiyinizə ibadət edin!” De: “Həqiqətən, ziyan çəkənlər qiyamət günü həm özlərini, həm də ailələrini ziyana salanlardır. Bilin ki, bu, açıq-aşkar bir ziyandır”.
(Zumər surəsi, 15)
Qiyamət günü (əlləri bağlı olduğu üçün) üzü ilə əzabın şiddətindən qorunmağa çalışan (ondan əmin olan ilə birdirmi)? Zalımlara: “Qazandıqlarınızı (günahlarınızın cəzasını) dadın!” - deyilər.
(Zumər surəsi, 24)
Sonra siz qiyamət günü Rəbbinizin hüzurunda bir-birinizlə mübahisə edəcəksiniz.
(Zumər surəsi, 31)
Yer üzündə nə varsa, hamısı və onunla birlikdə bir o qədəri də zülm edənlərin olsaydı, qiyamət günü o pis əzabdan xilas olmaq üçün mütləq onu fidyə verərdilər. Halbuki (o gün) Allah tərəfindən onların qarşısına hesab etmədikləri şeylər çıxarılacaqdır.
(Zumər surəsi, 47)
Qiyamət günü Allaha qarşı yalan söyləyənlərin üzlərinin qapqara olduğunu görərsən. Məgər təkəbbürlülər üçün cəhənnəmdə yer yoxdur?!
(Zumər surəsi, 60)
Onlar Allahı layiqincə tanıyıb qiymətləndirə bilmədilər. Qiyamət günü yer üzü bütövlüklə Onun ixtiyarında olacaq, göylər də Onun qüdrəti ilə büküləcəkdir. O, müşriklərin qoşduqları şəriklərdən tamamilə uzaq və ucadır.
(Zumər surəsi, 67)
Ey qövmüm! Həqiqətən, mən sizin üçün ah-nalə günündən qorxuram.
(Mömin surəsi, 32)
Onlar səhər-axşam odda yandırılacaqlar. Qiyamətin qopacağı gün belə deyiləcəkdir: “Firon qövmünü ən şiddətli əzaba salın!”
(Mömin surəsi, 46)
Qiyamət mütləq gələcəkdir, bunda heç bir şübhə yoxdur. Lakin insanların çoxu buna inanmır.
(Mömin surəsi, 59)
Ayələrimiz barəsində əyri yolu tutanlar, əlbəttə, Bizdən gizli qalmazlar. Cəhənnəmə atılan daha yaxşıdır, yoxsa qiyamət günü əmin-amanlıqda olan?! Siz istədiyinizi edin. Həqiqətən, Allah sizin etdiklərinizi görür.
(Fussilət surəsi, 40)
Qiyamətin vaxtını yalnız O bilir. Onun xəbəri olmadan heç bir meyvə (çəyirdəyi) qabığından çıxmaz, heç bir dişi hamilə qalmaz və doğmaz. Allahın onlara: “Şəriklərim haradadır?” - deyə səslənəcəyi gün onlar: “Biz (buna dair) aramızda heç bir şahidin olmadığını sənə bildirdik”, - deyəcəklər.
(Fussilət surəsi, 47)
Əgər başına gələn müsibətdən sonra tərəfimizdən ona bir mərhəmət bəxş etsək, o: “Bu mənim haqqımdır, qiyamətin qopacağını da zənn etmirəm. Rəbbimin hüzuruna qaytarılsam belə, əlbəttə, Onun yanında mənim üçün ən gözəl nemətlər vardır”, - deyəcəkdir. Həqiqətən, Biz inkar edənlərə etdikləri əməlləri xəbər verəcəyik və onlara çətin bir əzabı daddıracağıq.
(Fussilət surəsi, 50)
Kitabı və tərəzini haqq olaraq nazil edən Allahdır. Nə bilirsən, bəlkə də qiyamət vaxtı yaxındır.
(Şura surəsi, 17)
Qiyamətə inanmayanlar onun tez gəlməsini istəyirlər. İnananlar isə ondan qorxur və onun haqq olduğunu bilirlər. Bilin ki, qiyamət barəsində mübahisə edənlər (haqdan) uzaq bir zəlalət içindədirlər.
(Şura surəsi, 18)
Onlar cəhənnəmin qarşısına gətirildiklərində zillətdən boyunlarını bükərək göz ucu ilə gizlin-gizlin baxdıqlarını görərsən. İman edənlər isə: “Həqiqətən, ziyana düşənlər qiyamət günü özlərini və ailələrini ziyana salanlardır!” - deyərlər. Bilin ki, zalımlar daimi bir əzab içindədirlər.
(Şura surəsi, 45)
Həqiqətən, o (İsa), qiyamət vaxtını bildirən bir əlamətdir. Ona görə də əsla ondan şübhə etməyin və Mənə tabe olun! Doğru yol budur.
(Zuxruf surəsi, 61)
Onlar özləri də fərqində olmadan qəfildən qiyamətin gəlməsinimi gözləyirlər?!
(Zuxruf surəsi, 66)
Göylərin, yerin və onların arasındakıların hökmranı olan Allah çox ucadır! Qiyamət vaxtını da O bilir. Siz Ona qaytarılacaqsınız.
(Zuxruf surəsi, 85)
Din barəsində onlara açıq-aydın dəlillər verdik. Ancaq onlara elm (dəlillər) gəldikdən sonra aralarındakı paxıllıq səbəbilə ixtilafa düşdülər. Şübhəsiz ki, Rəbbin ixtilafa düşdükləri məsələlər barəsində qiyamət günü onların arasında hökm verəcəkdir.
(Casiyə surəsi, 17)
De: “Allah sizi dirildir, sonra öldürür, sonra da haqqında heç bir şübhə olmayan qiyamət günü sizi bir yerə toplayacaqdır. Lakin insanların çoxu bunu dərk etmir”.
(Casiyə surəsi, 26)
Göylərin və yerin hökmranlığı Allaha məxsusdur. Qiyamətin qopacağı gün məhz o gün inkar edənlər ziyana uğrayacaqlar.
(Casiyə surəsi, 27)
Sizə: “Allahın (insanları yenidən dirildəcəyinə dair) vədi haqdır, qiyamət barəsində də heç bir şübhə yoxdur!” - deyildiyi zaman siz: “Qiyamətin nə olduğunu bilmirik. Onun yalnız bir zənn olduğunu güman edirik. Bizim bu haqda dəqiq bir məlumatımız yoxdur”, - demişdiniz”.
(Casiyə surəsi, 32)
Allahı qoyub qiyamət gününə qədər özünə cavab verə bilməyən və dualarından xəbərsiz olanlara sitayiş edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər?!
(Əhqaf surəsi, 5)
Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.
(Məhəmməd surəsi, 18)
Görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa, hamısını bilir. Üç nəfər gizli söhbət etsələr, dördüncüsü mütləq Odur. Beş nəfər gizli söhbət etsələr, altıncısı mütləq Odur. Bundan daha az, yaxud daha çox olsunlar və harada olursa olsunlar, Allah onlarla birlikdədir. Sonra qiyamət günü Allah etdikləri əməlləri onlara xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
(Mücadilə surəsi, 7)
Nə qohumlarınız, nə də övladlarınız sizə bir fayda verəcəkdir. Allah qiyamət günü sizi bir-birinizdən ayıracaqdır. Allah etdiklərinizi görür.
(Mumtəhənə surəsi, 3)
Yoxsa Biz sizə hökmünü verdiyiniz hər şeyin mütləq sizin olacağına dair qiyamət gününə qədər davam edən sözlər vermişik?!
(Qələm surəsi, 39)